- Manşet

Leonardo da Vinçinin 10 məşhur ixtirası

İntibah dövrünün ən böyük təmsilçilərindən biri olan Leonardo da Vinçi dövrünün ən məşhur şəxsi idi. O, filosof, astronom, memar, mühəndis, ixtiraçı, riyaziyyatçı, musiqiçi, heykəltaraş, botanik, geoloq, kartoqraf, yazıçı və rəssam olub.

Da Vinçi dünya tarixinin gedişatını dəyişdirən bir çox ixtiraya imza atıb.

Onun layihələrinin bir çoxu həmin dövrün texnologiya imkanları və maddi resurslarının azlığı səbəbindən həyata keçməyib və kağız üzərində qalıb.

Leonardo da Vinçinin qeydə aldığı gündəlikləri sayəsində bu ixtiralar haqqında məlumatlar dövrümüzə qədər gəlib çatıb.

1. Paraşüt – XV əsrdə təyyarələr mövcud deyildi və Da Vinçi hava nəqliyyat vasitələrinin şəkillərini çəkirdi. O, 1515-ci ildə paraşütü dizayn etdi. Bu dizayn günümüzdə istifadə edilən paraşütlərin “atası” sayılır.

2. Skafandr (dalğıc geyimi) – Leonardo da Vinçi limana yaxınlaşan düşmən gəmilərini suyun altı ilə dalğıclar göndərərək batırmağı xəyal etmişdi. Bu fikir XV əsr üçün dahiyanə qəbul edilirdi. Bu layihə o vaxtlar həyata keçirilsəydi, bəlkə də Venesiya gəmi donanmasına ehtiyac olmayacaqdı və düşmən gəmiləri məğlub olaraq geri çəkiləcəkdilər.

3. Avtomatik silah – Bu silahlar müasir avtomatik silahlar ilə müqayisə edilə bilməsə də, lakin XV əsrdə da Vinçinin bu dizaynı sayəsində bir çox silahlar eyni anda atəş aça bilirdilər. Gündəliklərində hər nə qədər müharibə və ölüm silahlarına nifrət etdiyini yazsa da, bu dizaynı pul qazanmaq üçün etdiyi hesab olunur.

4. Çarx – Çox önəmli bir ixtira olaraq görülməsə belə, bugünkü gündə bir çox qurğularda (başda velosiped olmaqla) çarx istifadə edilməkdədir.

5. Öz-özünə hərəkət edən nəqliyyat vasitəsi – Bu gün Tesla və Google kimi texnologiya nəhənglərinin böyük investisiyalar yatırdığı sürücüsüz avtomobillərin təməl ideyasını ortaya atan yenə də da Vinçidir. Bu sürücüsüz nəqliyyat vasitəsi qurğu qurulduqdan sonra müəyyən edilən yönə doğru hərəkət edir. Da Vinçi qeydlərində bu mexaniki qurğunu detallı şəkildə açıqlamasa da, bu onun xəyal gücünün nə qədər yüksək səviyyədə olmasını bir daha sübut edir.

6. Ornitopter – da Vinçi bu ixtira ilə insanların quş kimi uçmasını istəyirdi. Yarasanın uçuş prinsipindən götürülmüş bu dizayn insanın qol gücü ilə işləməli idi.

7. Helikopter – da Vinçinin bu dizaynında qanadların sprilvari quruluşu bu qurğunun uçmasına nəzəri cəhətdən imkan verir. Lakin praktikada qurğunun uçması üçün yerin cazibə qüvvəsinə qarşı çox yüksək sürətlə dönməsi lazımdır.

8. Zirehli tank – Tısbağa kimi dizayn edilən bu tank 8 insanın əzələ gücü ilə hərəkət edə bilir və 36 fərqli silahı var. Hər yöndən atəş aça bilən tank düşmən əsgərlərini özündən uzaq məsafədə saxlaya bilirdi. Lakin dizaynlarda edilən bəzi sadə xətalara görə tankın hərəkət etməsi, demək olar ki, mümkün deyildi. Da Vinçinin bu xətaları tank dizaynının düşmənlər tərəfindən oğurlanması ehtimalına qarşı etmiş olduğu təxmin edilir.

9. Robot cəngavər – İnsan anatomiyasından ilham alan da Vinçi ilk insanabənzər robotu dizayn etmişdi. Bu dizaynın bənzəri 2002-ci ildə robot mütəxəssisi olan Mark Rosheim tərəfindən təkrar dizayn olundu. Rosheim daha sonra isə bu dizaynlardan bəzilərini NASA-nın robotlarında istifadə edib.

10. Gələcəyin şəhəri – 1400-cü illərdə bütün Avropa vəba ilə mübarizə aparırdı. Şəhərlərin xəstəliklərlə daha yaxşı mübarizə aparması üçün da Vinçi bir şəhər sistemi çəkmişdi.

portal.azertag.az