- Manşet, Mədəniyyət

“999-cu gecə” tamaşası 35-ci dəfə göstərilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası 35-ci dəfə nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Səhnə əsərinin süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb.

Gözlənilməz situasiyalarla zəngin olan bu səhnə əsərində hətta ikimərtəbəli dekorasiya da xüsusi simvolik məna daşıyır.

Musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və onun digər əbədiyaşar əsərlərindən istifadə olunub.

Tamaşada əsas rolları Əməkdar artist İqrar Salamov, aktyorlar Əliməmməd Novruzov, Elçin İmanov, Nicat Əli, Hüseyn Əlili, Gültac Əlili, Nərmin Əliyeva, Elməddin Dadaşov ifa ediblər.

Qeyd edək ki, Akademik Musiqili Teatrın gənc aktrisası Nərmin Əliyeva bu tamaşada Reyhan obrazı ilə ilk dəfə səhnəyə çıxıb.