Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində “Vokal musiqisi axşamı” adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsert “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlərin ilk proqramı idi.
Konsertdən əvvəl mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirdi ki, bu ilin “Nizami Gəncəvi İli”, 2019-cu ilin isə “Nəsimi ili” elan edilməsi ölkəmizdə klassik irsimizə nə qədər böyük diqqət və qayğının olduğunu nümayiş etdirir. Onların yaratdığı ölməz əsərlər ölkəmizdə və ölkəmizdən kənarda təbliğ edilir. Hər bir cəmiyyətin inkişafına onun böyük mütəfəkkirlərinin təsiri olub. Nizami Gəncəvi o dahilərdəndir ki, Azərbaycan fəlsəfi fikrini və milli dəyərlərinin dünyada tanıdılmasına xidmət edib. Nizaminin XII əsrdəki humanist ideyaları bu gün XXI əsrdə də aktualdır.
Daha sonra nazir Nizaminin Azərbaycanın mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açıb. Rəssamlıq, musiqi, teatr, balet və başqa sahələrə töhfələrini qeyd edib. Diqqətə çatdırıb ki, nazirlik il ərzində “Nizami Gəncəvi İli” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirib. Bu tədbirlərin yekunu olaraq isə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı başlayır. Festival çərçivəsində noyabrın 15-dən 26-dək Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək. Zəngin proqrama malik festivalın Beynəlxalq Muğam Mərkəzində təşkil edilən ilk konserti Nizaminin sözlərinə yazılmış vokal əsərlərin təqdimi ilə start götürür. İnanıram ki, dahi Nizaminin sözlərinə Azərbaycanın görkəmli bəstəkarlarının yazdıqları əsərlər bu gün konsertə gələn hər kəsdə xoş ovqat yaradacaq.
Sonra konsert proqramı təqdim edilib.
Nizami 880 – “Vokal musiqisi axşamı” adlı proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə yazdıqları romanslar səslənib. Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov , Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edib. Proqramda, həmçinin Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun çıxışı da maraqla qarşılanıb.