- Mədəniyyət

Macarıstanlı professor: Nizami Gəncəvinin təşviq etdiyi ümumbəşəri dəyərlər olduqca əhəmiyyətlidir

Burada olmağımızın əsas səbəblərindən biri Nizami Gəncəvinin özündən sonra qoyduğu çoxşaxəli və dərin yaradıcılıq mirasıdır. Nizami təkcə yaratdığı möhtəşəm şeir nümunələri ilə tanınmır, onun elmi və fəlsəfi fikirləri regionun müxtəlif xalqları arasında gələcəkdə dialoq qurmaq üçün platforma yaratmaq baxımından əhəmiyyətlidir. Ona görə də mən bu forumu yüksək qiymətləndirirəm. Nizami Gəncəvinin təşviq etdiyi ümumbəşəri dəyərlər regionda dialoq aparmaq üçün gözəl platforma qurmaq baxımından olduqca əhəmiyyətlidir.

Bu fikirləri Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Macarıstanın Reformist Kilsəsinin Qaspar Karoli Universitetinin professoru Miklos Sarkozi söyləyib.

Bakıya ilk səfəri olduğunu bildirən professor deyib: “Həm Azərbaycanın, həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinə və dünya ədəbiyyatına təsirinə həsr olunmuş belə bir mühüm beynəlxalq tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Nizami Gəncəvinin dünya ədəbiyyatına və mədəniyyətinə böyük təsiri olmuşdur. Müasir dövrümüzdə Nizami Gəncəvinin əsərlərində öz əksini tapmış humanizm, elm, empatiya, tolerantlıq kimi ümumbəşəri dəyərlərin təşviq olunması mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Nizaminin əsərləri barədə danışmaq, müzakirələr aparmaq, onları daha dərindən öyrənmək də bu baxımından vacibdir”. (azertac)