- Köşə

Gülyaz ƏLİYEVA. Qara bağrı parçalanmış Qarabağım…

Qədim yunan mifologoyasına görə insanlara od oğurlayıb verdiyi üçün Zevsin qəzəbinə tuş olmuş Prometey Qaf dağında zəncirlənir və əbədi əzablara düçür edildiyinə görə ikubaşlı, iri caynaqlı qartal hər gün onun ciyərlərini didib-parçalayır. Amma onun ciyəri yenə bərpa olunur və hər dəfə Prometey o əzabı yenidən yaşamalı olur…  Deyilənə görə, Qaf dağı elə Qafqaz dağlarının ərazisində olub və Qafqaz adı da Qaf adından götürülüb. Nədənsə, mən buna –  Prometeyin məhz Qafqaz dağlarında zəncirlənib əzablara düçar olmasına çox inanıram. Bəlkə, elə onun insanlara bəxş etdiyi odun qalıqlarıdır doğma Azərbaycanımızda fışqırıb torpağın təkindən qalxıb üzə çıxan? Niyə məhz burda? Niyə məhz Qafqaz dağlarının ətəklərində yerləşən Azərbaycanda? Bu, bizə nəsə demirmi, bir açıqlama vermirmi? Odlar yurdu Azərbaycan da Qafqaz sıra dağları ərazisindədir və şimaldan uçub gəlmiş mənfur ikibaşlı qartalın caynaqları zaman-zaman onun bağrını, ciyərlərini söküb, onu da bitməyən əzablara düçar etməyibmi? Bir əsrdə Azərbaycana qarşı neçə dəfə əsassız torpaq iddiası qaldırarlar axı? Neçə dəfə Azərbaycanın da sinəsi Zevsə tabe olmayan Prometey kimi parçalanıb-dağıdılar, əhalisi çöllərə salınıb-didərgin düşər, günahsız qurbanları nə qədər olar axı?! Azərbaycan da sinəsi Prometey kimi parça-parça olsa da, ölməyib, ciyərini – torpağını yenidən bərpa edər, dirçəlib yaraları sağalan kimi zaman-zaman bu hadisələr yenidən təkrar olar axı?….  Payladığı oda görə, Qaf dağında zəncirlənmiş Prometeydir sanki Azərbaycan da…

Sinəsini parçalayan mənfur qonşulara, qonşularının havadarı olan cəlladına – cütbaşlı qartalın verdiyi əzablara əbədi məhkum olunmuş, Qaf dağında zəncirlənmiş Prometey….

Qarabağ Azərbaycanın qara bağrıdır, didilib-parçalanmış bağrı… Qarabağ yarası, işgəncəsi, Azərbaycanın dikbaşlığının, Odlar yurdu olmasının  bitməyən cəzasıdır sanki …

İkibaşlı qartal diddiyi ciyərindən əl çəkmir, arada başın qaldırıb verdiyi əzabı səngitsə də, yenidən acgözlüklə Qarabağın qara bağrın amansızlıqla didib-tökməyə başlayıb zaman-zaman. Zəncirlənməsindən ürəklənən qartal yaman sökdü Azərbaycanın bağrın. 30 il diddi-parçaladı, daşın daş üstdə qoymadı, qəbirlərinə qədər belə eşdi, sökdü, daşıdı, xain qonşular əlində əsir, zəncirlənmiş qaldı Qarabağım…

Əyri dimdikli qartalın burnu, nəhayət ki, bu dəfə – 44 günlük müharibədə yaman əzildi, yaman qırıldı, iti caynaqları yamanca koruşlaşdı. Əyri dimdiyində qan qurudu qaldı…Onun cəlladlığı bütün dünyanı heyrətə gətirdi…

Nəhayət, son nəfəsdə Prometey özü öz zəncirlərin güc verib qırdı. Dimdiyi əyilmiş qartal ciyər parçalamağına ara verdi.

Odlar yurdu Azərbaycanın qara bağrı olan Qarabağ da didilib, parçalanıb bitkin düşmədi, dirçəlməyə başladı, özü öz yaralarına məlhəm oldu. İkibaşlı qartala meydan oxudu. Zəncirin qırıldığın görüb qorxdu, hürkdü qartal… Zəncirini tam olmasa da, qırdı, düşməninə qarşı dirəndi, durdu, yaraların sarımağa başladı Qarabağım, nəfəs aldı, 3000-ədək Vətən oğlu qan verdi Qarabağın qara bağrının sağalması üçün…

Necə ki, Prometeyə Zevs əzab-işgəncə verməklə qalib gələ bilmədi, insanlar onun verdiyi odla həyatların yaxşılaşdırdılar, Zevsin itaətindən çıxdılar. Odda bərkimiş, bağrı didilib-paralansa da, son nəfəsdə ayağa durdu Qarabağım da. Bundan sonra heç vaxt ikibaşlı qartalın caynağında qalmayacaq və Azərbaycan yenə bütün dünyaya od paylayacaq, Odlar yurdu olaraq qalacaq.