Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində əsas partiyaları – Məcnun obrazını – Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Əməkdar artist Arzu Əliyeva ifa ediblər. Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan operada digər rolları Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Elnur Zeynalov (Məcnunun atası), Aytən Məhərrəmova (Leylinin anası), Rza Xosrovzadə (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası) canlandırıblar. Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə edilib.
Qeyd edək ki, Müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub.
Orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.
Məcnun rolunu ilk dəfə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski, Leyli rolunu isə Əbdürrəhman Fərəcov ifa edib.
Üzeyir Hacıbəyli musiqisini muğam və təsniflər üzərində qurduğu bu opera ilə musiqi tarixində operanın yeni növünü – “muğam opera”sını yaradıb.
Azərbaycan mədəniyyətinin incilərindən hesab edilən “Leyli və Məcnun” bu günə kimi Azərbaycan səhnələrində oynanılır.