Fevralın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində hibrid formatda “Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd” mövzusunda konfrans təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konfrans “Pol Nadar. Bakıya əsrarəngiz səyahət” adlı sərgi çərçivəsində təşkil ediləcək.
Konfransda Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert, Matild Falqiyer onlayn şəkildə iştirak edəcək. Dəvətlilər konfrans çərçivəsində sərgi ilə tanış olacaqlar.
Qeyd edək ki, Parisin Siyasi Elmlər İnstitutunun məzunu Matild Falqiyer Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının (MAP) fotoqrafiya şöbəsinin rəhbəri olmaqla yanaşı, həmçinin mədəni irsin qorunması layihələrinin həyata keçirilməsi ilə məşğuldur. O, 2018-ci ildə “Nadar ailəsi, fotoqrafiya əfsanəsi” sərgisinin kataloquna öz töhfəsini verib və “Pol Nadar – Payram, İpek yolu üzərində fotoqrafiya dialoqu” kitabının həmmüəlliflərindəndir.