- Manşet, Mədəniyyət

Ukraynada Nizami Gəncəvi ilə bağlı təqdimatlar baş tutub

Ukraynanın Dnepr şəhərində dahi azərbaycanlı şair Nizami Gəncəvi ilə bağlı təqdimatlar və sərgi keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə Milli Texniki Universitetindəki Ukrayna-Azərbaycan Mədəniyyət mərkəzində baş tutub.

Təqdimat Nizami Gəncəvi ilə bağlı TÜRKSOY tərəfindən ərsəyə gələn bədii albomdan və Azərbaycanın Ukraynadakı səfirliyinin hazırladığı dahi şairin “Xəmsə”sinin Ukrayna dilinə ixtisarla tərcüməsinin təqdim olunmasından ibarət olub.

Tədbirdən əvvəl Milli Texniki Universitet rektoru ilə görüş keçirilib. Universitet rektoru Aleksandr Azyukovski ilə keçirilən xüsusi görüşdə rektor bildirib ki, bu tədbirin onların universitetində keçirilməsinə səbəb ali təhsil ocağında filoloji kafedranın yaradılması, eyni zamanda Azərbaycan-Ukrayna Mədəniyyət Mərkəzinin burada yerləşməsidir.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, DAK sədri Nəcəf Əhmədov, universitetin rektoru Aleksandr Azyukovskiy, diaspor nümayəndələri və yerli elmi ictimaiyyət fəalları iştirak ediblər. Çıxış edən Düsen Kaseinov tədbirin əhəmiyyətindən və Nizami Gəncəvi yaradıcılığından danışıb.