Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa xalça qrupuna həsr olunub.
Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan verib. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan ərazisində eramızdan əvvəl II minillikdə insanlar xalça və xalça məmulatı toxuyaraq öz zərifliyi, gözəlliyi ilə seçilən müxtəlif əşyalar hazırlayıblar.
Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. Bu xalçalar öz mükəmməl toxunuşu, iri ölçüləri, rəngarəng çalarları ilə həmişə seçilib. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux (qırmızı, sarı), parlaq və kontrast rənglərdən ibarətdir.
Qarabağ tipinə Şuşa, Qarabağ və Cəbrayıl xalça qrupları aiddir. Şuşa qrupuna aid “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər” və “Nəlbəki gül” xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə seçilir.
Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə olaraq, üç-beş hissədən ibarət dəst xalı-gəbələri misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.
“Bulud”, “Bağçada güllər” və “Saxsıda güllər” adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycan-Rusiya arasında mədəni-iqtisadi əlaqələrin yaranmasından sonra başlanılıb. XIX əsrin ikinci yarısından etibarən Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar gətirilirdi. Şuşa sənətkarları həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq bu cür xalçalar toxuyurdular.