- Mədəniyyət

“Muğam axşamları” layihəsinin uzun fasilədən sonra ilk konserti

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin 2022-2023-cü musiqi mövsümü üçün ilk konsert proqramı təqdim olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, böyük maraqla gözlənilən layihənin rəhbəri BMM -nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

Konsertdə BMM-nin solistləri Mirələm Mirələmov və Nisbət Sədrayeva “Rast” və “Səmai Şəms” muğamını səsləndiriblər. Xanəndələri BMM-nin solistləri, tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərov, udda Vasif Yusipli, nağarada Amil Mustafayev müşayiət edib.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Sərt karantin rejimindən sonra ilk dəfə tamaşaçılarla görüşə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq sayəsində “Muğam axşamları” konsertləri radio dinləyicilərinə də təqdim olunacaq. Həmçinin “Muğam axşamları”nın hər konserti “Mədəniyyət” kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə çatdırılacaq.