O, romantik şair idi. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə anadan olmasının 141-ci ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.
Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.
Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları üzərində işləyib.
“Laylay” adlı uşaq şeiri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. A.Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.