Türkiyənin nüfuzlu HECE jurnalının böyük rus yazıçısı F. M . Dostoyevskinin 200 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görmüşdür. İSBN nömrəsi olan bu nəşr iki cilddən və 1231 səhifədən ibarət böyük bir tədqiqat kitabıdır.
Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Amerika, İran, Çin, Ermənistandan 84 tədqiqatçının məqalələrindən ibarət bu kitabda böyük rus ədibinin tərcümeyi-halı, bədii, fəlsəfi görüşləri, müxtəlif mədəniyyətlərlə əlaqəsi, müqayisəli ədəbiyyat, tərcümə məsələləri və s. mövzularla bağlı altı fərqli bölüm öz əksini tapmışdır. İngilis, ispan, osmanlı türkcəsi, urdu, hind, bolqar, rus, erməni dilində təqdim olunan bəzi məqalələr 16 türk tərcüməçisi tərəfindən nəşrə hazırlanmışdır.
Dostoyevski yaradıcılığını geniş çərçivədə araşdıran bu mötəbər ədəbiyyat jurnalında Azərbaycanı Bakı Slavyan universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Kəmalə Umudova təmsil etmişdir (“Dostoyevski mətnlərinin interpretasiya problemi: insan yoxsa kiçik insan ?” // HECE Dostoyevski Özel Sayısı, 2022, Ocak, № 43, C.2. S. 794-807). HECE Dostoyevski jurnalının xüsusi buraxılışı Ankara Universitetinin professoru Birsən Karaca tərəfindən iki il müddətində nəşrə hazırlanmışdır. F. M. Dostoyevskiyə həsr olunmuş xüsusi buraxılışın rəsmi rəyçiləri Moskva Dövlət universitetinin professorları, tanınmış ədəbiyyatşünaş-alimlər M.M. Repenkova və A.S. Krinitsındır.