- Mədəniyyət

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyədə festivalda iştirak edib

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının truppası Türkiyənin Balıkesir şəhərində Birinci Teatr Festivalının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, teatr Azərbaycan dramaturqu İftixar Piriyevin “Eşqin tikan dairəsi” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyevdir.

“Eşqin tikan dairəsi” kədərli mistik dramında anadangəlmə görmə qüsurlu Ulduz və Ümidin nakam məhəbbətindən söz açılır. Anşlaqla keçən tamaşada aktyorlar müvəffəqiyyətlə çıxış ediblər. İzləyicilər bundan əlavə gözəl xoreoqrafiya və musiqili müşayiətdən zövq alıblar.

Festivalın çoxsaylı qonaqları arasında Balıkesir şəhərinin başçısı Həsən Avcı da olub. O, Dağıstandan olan Azərbaycan teatrının kollektivini salamlayaraq qeyd edib ki, Türkiyə, Azərbaycan, Dağıstan – qardaş xalqlardır və belə festivallar bizi daha da yaxınlaşdırır.

Həsən Avcı aktyorların peşəkar oyununa və tamaşanın gözəl quruluşuna görə Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovu və teatrın baş rejissoru Sərvər Əliyevi festivalın məxsusi kiçik heykəlləri ilə, teatrın truppasını isə diplomlarla təltif edib.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, öz növbəsində, diqqət və səmimi qəbula görə Həsən Avcıya minnətdarlığını bildirib. F. Əsgərov Həsən Avcıya Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayevanın və Dərbənd şəhərinin başçısı Rustambek Pirmaqomedovun salamlarını çatdırıb, ona Dərbənd suvenirləri təqdim edib.