Mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərinə səfər edib.
Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müşayiəti ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub. Foyedə açılan “Mərhəmət dünyanı xilas edəcək” adlı sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, təqdim olunan əsərlər mərkəzin rəsm studiyasının üzvləri tərəfindən hazırlanıb.
Anar Kərimov və Taleh Qaraşov vaxtilə Lənkəran Dövlət Rəsm Qalereyasının fəaliyyət göstərdiyi yerli əhəmiyyətli tarixi abidə – Dairəvi qalanı ziyarət ediblər. Bildirilib ki, Dairəvi qala restavrasiya olunsa da, 2015-ci ilin fevral ayında güclü qar yağması nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağılıb. Tikili uzun illər təmir olunmadığından yağıntılar binanın içərisinə daxil olmaqla daxili konstruksiyaya öz mənfi təsirini göstərib. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dairəvi qalanın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020–2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Hazırda abidənin əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.