Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin ölümündən 43 il ötür.
1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb. “Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı – Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” – deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” – deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.
Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.