“Aztv-nin sədri Turan Uğuru “Uşaq, gənclik və maarifçilik” redaksiyasına baş redaktorun müavini təyin etdi…” yox, rəsmi çıxır, elə bil saytın mədəniyyət bölməsindən xəbər oxuyursan.
“Aztv-nin sədri Turan Uğuru “Uşaq, gənclik və maarifçilik” redaksiyasına baş redaktorun müavini təyin etdi…”
Başlığı diqqət çəkmək üçün seçmədim. Xəbəri də yeni məlumat kimi paylaşmıram. Əmr aprelin 11-də verilib.
“Aztv-nin sədri Turan Uğuru “Uşaq, gənclik və maarifçilik” redaksiyasına baş redaktorun müavini təyin etdi…”
Lap “Sətirlər”in ssenarisinə oxşadı. Elə bil Mehriban Zəki dönə-dönə “Bu gecə. Bu qoca. Bu ocaq” deyir.
Fikrimi açıq deyim: Turan Uğuru təbrik etmək üçün yazıram. Təkcə Turan Uğuru yox, korlanan ədəbi zövq üçün narahat olub maarifləndirici veriliş arzulayanları, ekrandan ədəbi verilişlər izləmək istəyənləri də təbrik edirəm. İllərdir təəssübkeş, məsuliyyətli bir insanın tapılıb ədəbiyyatın ədəbi yükünü çiyinlərinə alıb ekran qarşısından perik düşən sanballı adamları qaytarıb tamaşaçı qisminə gətirməyi arzulayırdım. Bu istəyimə çatdığım üçün sevindiyimdən təəssüratmı yazmağa başladım. Peşman olmayacağıma inanıram. Niyə də inanmayım? “Sətirlər” kimi verilişin ssenarisini yazan şəxsdən əksini gözləməkmi olar?
Vəzifə bəzilərinə fürsətdən istifadə edib eqosundan irəli gələn xüsusiyyətlərini rəsmiləşdirmək, bəzilərinəsə xeyirxah niyyətini həyata keçirmək üçün gərəkdir. Vəzifə etimaddır, gərək doğruldasan. Etimad doğruldanların səlahiyyətini artıranlara bizlərdə zərgər deyirlər. Uğur Turan bəyi boşuna izləmir. Ona Azərbaycan televiziyasının “Səhər” musiqi-informasiya proqramında müəllif, Mədəniyyət kanalının “Buraxılış və əlaqələndirmə” şöbəsinin efir redaktoru kimi çalışanda, “Çərçivəsiz” və “Palitra-Art” verilişlərinin reaktoru qismində fəaliyyət göstərəndə bələd olublar.
Turan Uğurun televiziyada səlahiyyətinin artması ədəbiyyatın efir məkanında dirçəlişi deməkdir. Bu təyinata “niyə sevinirsən, qohumundur?” sualı verənin ədəbiyyatdan, maarif işlərinin təbliğindən xəbəri yoxdur. Birincisi, həmvətənlərimin hamısını qohum sanıram, ikincisi də elə qohum var ki, əqidəcə bir-birinə zidd olduğundan ruhən yadlaşırsan. Yad var ki, məslək dostu olub çiyin- çiyinə millət yükü daşıyıb Vətənə gərəkli olursan. Mənim missiyam da yaxşı insanları, yaxşı əsərləri, yaxşı işləri təqdir və təbliğ etməkdir. Ədəbiyyatı sevən mən, ədəbiyyatı sevən Turan Uğurun uğuruna niyə sevinməyim? Arzu edirəm Turan bəyin uğuru, yurdumuzun da Turan Uğuru çox olsun. Onda yaxşı işlər görənlərin sayı artacaq. Arxayın oluram, bilirəm, efir korlanmayacaq, iyirmi nəfər şou verilişinə baxanda, on nəfər də ədəbi verilişə baxacaq, zövqü formalaşacaq, maariflənəcək.
Kim nəyi necə görürsə…
“Sətirlər”dən bir cümlə yaddaşımda ilişib qalıb. Anarın təsviri: “başını sol çiyninə – ürəyinə tərəf əyib”. Bunu Turan Uğur yazıb. O, ürəyə dəyər verir. Özü də ürəyinə tərəf əyilib, onu dinləyir, ürəyinin istədiklərini edir. Bilirsiniz, ürəyinə niyə belə ərköyünlük verir? – çünki ona bələddir, bilir ki, poeziya kimi möhtəşəm gözəlliyi duyur, sevir. Şeir sevən insan pis ola bilməz. Qiraətçi deyil, amma onlardan üstündür. Şeiri səhnə üçün əzbərləmir, təbii şəkildə, ürəyindən gələn tərzdə söyləyir. Ən gözəl şeirləri yazır yaddaşına, ən gözəl şeirlər eşidirik ondan. Arxayınam; efir, ədəbiyyat etibarlı insana həvalə edilib. Ana harasa gedəndə övladını etibar etdiyi adamın yanında qoyur. Elə adamın ki, bilir o, gələnəcən uşaq yıxılmayacaq, salıb heç nəyi sındırmayacaq. Tamaşaçıları da Turan Uğura etibar etmək olar. Qələmindən mənasız heç nə çıxmaz. Sanki bundan belə televizorun pultunda “ədəbiyyat” düyməsi olacaq, Turan imzasıyla yazılan ssenarilərdən zövq alacağıq. Onun ssenarisi ilə hazırlanan “Sətirlər” “Güzgü” verilişini mehriban-mehriban, zəki-zəki aparan xanımın səsindən, məharətindən məmnun olduğumuz kimi. Mehriban xanım verilişi elə aparır ki, elə bil artistdir.
Veriliş kimi izlədiyimiz “Sətirlər”i ekrandan əlimə alanda ilk alıcı, ilk oxucu kimi kitab haqqında sosial şəbəkədə belə bir status paylaşmışdım: yaxşı kitab haqqında qeydlər aparmaq şakərimdir. Bunu həm də oxucu borcu sanıram. “Sətirlər” kitabındakı mətnlər hazırlıqlı oxucu üçündür. Ədəbiyyatdan xəbərdar olasan ki, oxuyanda biləsən müəllif burda nədən bəhs edir. Müəllif Allahsaxlamış da bir istiqamətdə getmir ki, oxucu da ardınca gedə. Sətirin bəri başından irəliləmək istəyəndə görürsən, qarşına yeni yol çıxır. Həmin yolla irəliləmək adamdan hər cığıra, irizə bələd olmağı tələb edir.
Turan Uğurun yazdıqlarında həm haqqında danışılanın öz yaradıcılığı, həm onun haqqında yazılanlar, eyni zamnda da mətni yazanın öz fikirləri cəmləşdiyindən onlara zəngin mətn deyə bilərik. Hazırlıqlı oxucu mətləbi dərhal anlayır. Hazırlıqsız, amma öyrənməyə həvəsi olan oxucuda isə yollara bələd olmaq marağı oyanır və özü kompas əldə etməyə çalışır. Oxumağa yeni mənbələr axtarır ki, müəllifin nə demək istədiyini öyrənsin. Bu qədər labirintlərin içində beyin əməlli-başlı çalışmağa başlayır. Maraqlı üslubdur. Turan bəyin mətnə qeyri-adi yanaşması var. Ssenarini elə yazır ki, bunun başqa müəllifə aid olduğunu sezmək olmur. Mehriban Zəki artistiliyənə salıb necə danışırsa, sətirlərin onun olduğunu düşünürük. Əlbəttə “Sətirlər” Mehriban xanımındır, sətirlərsə Turan Uğurun. Sətirlər həm də verilişin ərsəyə gəlməsində əziyyət çəkənlərindir. (Azər Qismət gülümsədi) Kimsə qaldı… tapdım… ”Sətirlər” həm də tamaşaçılarındı.
Oxucuların səsi eşidildi: indi həm də bizimdir”.
Belə, Turan bəy. Sizə uğur olsun. Bir də hamımızın o böyük arzumuza çatmağımızı arzulayıram. Bütöv Azərbaycan, Turan arzumuza…
Pərvanə Bayramqızı