- Mədəniyyət

Azərbaycan və Gürcüstan musiqiçiləri Gəncədə birgə konsert veriblər

Gəncədə səfərdə olan Gürcüstanın tanınmış müğənniləri azərbaycanlı həmkarları ilə birgə konsert proqramı ilə çıxış ediblər.

“Report”un Qərb bürosunun məlumatına görə, qonaqlar yeni istifadəyə verilən Gəncə Dövlət Dram Teatrının binasında olublar.

Teatrın rəhbəri Aqil Bəhramlı qonaqlara mədəniyyət ocağının tarixi, burada yerləşən teatr muzeyləri, kitabxana barədə məlumat verib.

Ardınca teatrın kiçik zalında Azərbaycan və Gürcüstan müğənniləri və musiqiçiləri birgə konsert proqramı ilə çıxış ediblər.

Gürcüstanlı müğənni Veriko Turaşvilinin Azərbaycan xalq mahnısı “Sarı gəlin”i Azərbaycan türkcəsində səsləndirməsi alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və bloggerlərdən ibarət qrup Gəncəyə səfər ediblər.