Azərbaycanın dilbər guşəsi Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı bu gün başa çatıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.
Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirilib.
Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub.
Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilib.
Festival tədbir iştirakçılarının Azərbaycanın milli rəqsi olan “Yallı” sədaları altında rəqsi ilə yekunlaşıb.