Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb.
“Report”un xəbərinə görə, toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb.
O deyib ki, yığıncaqda AKİ-in yeni sədri seçilməlidir. A.Rzayev ittifaqın sədrliyinə Xalq artisti Rasim Balayev namizədliyinin irəli sürüldüyünü söyləyib.
Xalq yazıçısı seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib. Onun təklifi qəbul olunub.
Açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib.
Bundan başqa, iclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunur.