- Mədəniyyət

Malayziyada Şuşanın 270 illiyinə həsr olunmuş foto-sərgi təşkil edilib

Malayziyada Azərbaycanın mədəniyyət incisi sayılan Şuşanın 270 illiyinə həsr olunan foto-sərgi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Selanqor ştatının Petaling Jaya şəhərində açılan foto-sərgi Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Petaling Jaya Şəhər Şurasının ev sahibliyi ilə təşkil olunub. Sərgi Petaling Jaya İctimai Kitabxana Kompleksində yerli sakinlərə və şəhərin xarici qonaqlarına təqdim edilib.

Təntənəli açılış mərasimində Petaling Jaya Şəhər Şurasının sədri Tuan Mohamad Azhan, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov, mətbuat işçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxışlardan sonra başlayan bədii hissədə Petaling Jaya Şəhər Şurasının nəzdində fəaliyyət göstərən incəsənət truppası Malayziyanın milli musiqi və rəqslərindən nümunələr nümayiş etdirib.

Bədii hissədən sonra səfir İ.Davudov, Petaling Jaya Şəhər Şurasının sədri M.Azhan və digər tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.