- Mədəniyyət

Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub

Sentyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiyada açıq səma altında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərginin açılışı olub. Fotosərgi “Şuşa İli” çərçivəsində Sofiya şəhərinin mərkəzi parkında Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya şəhər bələdiyyəsi tərəfindən birgə təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgidə tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağımızın tacı adlandırılan Şuşa şəhərinin füsunkar təbiəti, zəngin mədəniyyət və incəsənət nümunələrini əks etdirən fotolar nümayiş olunub.

Sərginin açılışında Bolqarıstanda akkreditə olunan diplomatik korpusun rəhbərləri, yerli rəsmilər və media nümayəndələri iştirak ediblər.