- Köşə

Qazi, yoxsa veteran?

                                           Bütün döyüşçülər, veteranlar qazidir!

Şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimizi, döyüşçülərimizi Tanrıya əmanət edirəm! Allah qorusun hamısını!

Son zamanlar bir məsələ məni çox narahat edir. Düşünürəm ki, bunu ictimailəşdirməyin zamanı çatıb.

Bizdə qazi sözü yalnız müharibədə yaralananlara, müharibə əlillərinə verilən addır. Türkiyədə bütün döyüş iştirakçılarını, veteranları (müharibədə yaralanıb yaralanmamasından asılı olmayaraq) qazi adlandırırlar. Heç vaxt kimisə kor-koranə təqlid etməyin tərəfdarı olmamışam. Ancaq onlar bu məfhumu çox dəqiq, yerində işlədirlər. Düşünürəm, kimsə, bəlkə də, iki gün döyüşüb, üçüncü gün də yaralana bilər(bununla onu qınamaqdan çox-çox uzağam). Müharibədə uzun illər qanlı-qadalı, çətin döyüşlərdə iştirak edib yaralanmayanın nə günahı var ki, o gülləyə tuş gəlməyib?. O döyüşçümüzü nə üçün qazi adlandırmayaq?

Həm qazi , həm şəhid sözləri islami məfhumlardır. Din uğrunda-qəzavatda döyüşən, həlak olanlara verilən adlardır. Bunlar artıq bir çox türk-müsəlman ölkələrində öz mahiyyətini dəyişib, din uğrunda deyil, vətənin, xalqın azadlığı uğrunda döyüşənlərə, həlak olanlara qazi, şəhid deyilir. (Əslində döyüşümüzün bir tərəfi də dinin təhqir olunmasına qarşıdır, məsələn məscidlərin dağıdılması, məscidlərdə ermənilərin heyvan saxlaması kimin dini təəssübkeşliyinə toxunmur ki? Unutmayaq, bayrağımızın bir rəngi də islamın rəmzi olan yaşıldır).

Bizim veteran-döyüşçülər, indi cəbhədə döyüşənlərin hamısı QAZİlərdir. Nə üçün yalnız döyüşdə yaralananları qazi adlandırırıq, veteranları isə yox? Onların çoxu əslində diri şəhidlərdir. Gənc yaşlarında o ağır döyüşləri görmək döyüşçülərimizin mənəviyyatına ağır zərbə vurdu, psixologiyasını pozdu, dəli olmaq dərəcəsinə gətirdi. Bu mənada yalnız yaralanan veteranları qazi adlandırıb, döyüşənləri isə adi veteran məfhumu ilə çağırmaq düzgün deil. Qazi məfhumu igidlik, dönməzlik, cəsurluq, döyüşkənlik simvoluna çevrilib. Veteran və döyüşçülərimizin hamısı qazi deyilmi?!!

      BÜTÜN DÖYÜŞÇÜ VƏ VETERANLAR QAZİDİRLƏR!

                                                                        HƏCƏR 17.09.2022.