- Mədəniyyət

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.

Mərkəzdən “Report”a verilən məlumata görə, tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib. Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana və muzeylər üzrə mütəxəssisi Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın dövlətçilik tarixi, tarixdə mövcud olmuş Azərbaycan dövlətləri, tarixi şəxsiyyətləri, ölkəmizin adət və ənənələri haqqında danışıb, uşaq və yeniyetmələri müxtəlif guşə və eksponatlarla tanış edib.