Oktyabrın 28-də Almetyevsk şəhərinin (Tatarıstan Respublikası) “Adımnar” Polilinqval Kompleksinin səhnəsində Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” musiqili komediyası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Əməkdar incəsənət xadimi Mixail Borisovdur.
AZƏRTAC bu barədə Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatına istinadla xəbər verir.
Belə bir tamaşa hazırlamaq ideyası mərhum Mixail Borisovun yetirmələri olan “Sozvezdiye-Yoldızlık” art-rezidensiyanın artistlərinə məxsusdur. M.Borisov bu artistlərin çoxu üçün sadəcə müəllim deyil, onlardan ötrü peşəkar səhnəyə yol açmış insan olub.
“Sozvezdiye-Yoldızlık” festival hərəkatının baş prodüseri, art-rezidensiyanın rəhbəri Dmitri Tumanov deyib: “Biz fəxr edirik ki, bu gənclər təhsili başa vurandan sonra vətənə qayıdıblar və öz respublikalarının firavanlaşmasına xidmət edirlər. Mixail Borisov özü onlara həmişə deyirdi: “Sizi həmişə qiymətləndirəcək və sevəcək insanların yanına qayıdın”. Gənclər bu dəstəyi, bu sevgini hiss edirlər, ona görə də belə fədakarlıq və təşəbbüskarlıq göstərir, doğma respublikanın peşəkar səhnələrində göstərilən tamaşalarla maraqlanırlar”.
Art-rezidensiyanın artistləri bu ibrətamiz əsərin qəhrəmanlarını kazanlı tamaşaçılara sevdiriblər və indi həmin tamaşanı Rusiyanın başqa şəhər və kəndlərində nümayiş etdirirlər.