- Mədəniyyət

Səmərqənd vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin rəsmi açılışı keçirilib

Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ölkənin Səmərqənd şəhərindəki Gənclər sarayında möhtəşəm açılış mərasimi tədbiri keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Səmərqənd vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, Azərbaycandan gələn qonaqlar, universitet tələbələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb. Rənglərin və milli naxışların müxtəlifliyi, qeyri – adi tikmələr, həmçinin təsirli əl işləri-məhz bu milli geyimlərin nümayişində nümayiş etdirilib. Geyimlərin arasında “Xarıbülbül” kompozisiyası tamaşaçıların maraq və alqışları ilə qarşılanıb.

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib.

İştirakçılar tanınmış Azərbaycan ifaçılarının, o cümlədən Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-Pri” mükafatçısı, tarzən Sahib Paşazadə, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Kaykeb Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının rəngarəng çıxışlarını alqışlarla qarşılayıblar.