Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar artisti, vokalist Yaqub Zurufçu ilə Mədəniyyət Komitəsində görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib. Bu barədə millət vəkili özünün feysbuk səhifəsində yazıb:
“Hörmətli Yaqub müəllim, Sizi – görkəmli Azərbaycan sənətkarını, dünyanın müxtəlif ölkələrində yaxşı tanınan vokalisti 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz 1956-cı il aprelin 8-də Təbriz şəhərində doğulmusuz. 7 yaşında təhsilə başlamış, elə o illərdə şəhərin uşaqlar proqramında iştirak edərək “Cücələrim” mahnısı ilə ün qazanmısız. 11 yaşında isə xalq və bəstəkar mahnılarını məharətlə ifa etməyə başlamış, beləliklə 15 yaşında Təbriz Milli Televiziyasında ilk dəfə çıxış etmisiz.
Siz 19 yaşında Tehran Universitetinində təhsilə başlamış, eyni zamanda Tehran operasının xorunda öz musiqi fəaliyyətinizi davam etdirmisiz. 1979-cu ildə Almaniyaya köçdükdən sonra Hamburq şəhərində, daha sonra ABŞ-ın Florida ştatındakı Miami Universitetində vokal sənəti üzrə kamil musiqi təhsili almısız. Siz harada yaşamağınızdan asılı olmayaraq, bütün dövrlərdə, Azərbaycana, mədəni irsimizə, özəlliklə milli musiqimizə sevdalı olmuş, mədəniyyətimizi təbliğ və tərənnüm etmisiz.
Siz “Ayrılıq” mahnısı ilə Azərbaycan Respublikasında hələ ötən yüzilliyin 80-ci illərinin sonunda geniş şöhrət qazanmısız və 1989-cu ildə ilk dəfə respublikamıza gəlmisiz. 15 iyul 2009-cu ildə Siz rəsmən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş, həmin il, sentyabrın 17-də isə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülmüsüz. Millət, mədəniyyət və dil sevdanız övladlarınıza qoyduğunuz adlarda da parlaq şəkildə görünməkdədir: Dəniz, Dalğa, Atilla! Sizi yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”! Q.Paşayeva Y.Zurufçuya Komitə adından Təbrik Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Y.Zurufçu səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.