Ukrayna gələn il ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO sammitində Alyansa qoşula bilər.
“Report” xəbər verir ki, bu fərziyyəni Ukraynanın müdafiə naziri Oleksiy Reznikov CNN-ə müsahibəsində irəli sürüb.
“Kim bilir, bəlkə də bu, Ukrayna üçün çox vacib bir gün olacaq. Bu, sadəcə mənim proqnozumdur”, – müdafiə naziri telekanala bildirib.
Nazir 5-ci maddəyə istinad edərək Ukraynanın yalnız müharibə başa çatdıqdan sonra Alyansa qoşula biləcəyini etiraf edib. Savaşın gələn yayadək bitib-bitməyəcəyi ilə bağlı sualına onun cavabı konkret olub: “Bəli. Biz bu müharibədə qalib gələcəyik”.
Müdafiə nazirinin sözlərinə görə, Ukraynanın Rusiya ilə mübarizəsini nəzərə alsaq, onun NATO-ya daxil olmasının faydaları yalnız artıb.
“Qələbədən sonra bu, NATO-nun maraqlarına uyğun olacaq, çünki biz NATO-nun əsl şərq qalxanı və ya Avropanın şərq qalxanı olduq”, – Reznikov vurğulayıb.