- Mədəniyyət

Filarmoniya yeni mövsümdə tamaşaçılara zəngin proqram vəd edir

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcılıq mövsümünün açılışına hazırdır. Yay aylarında kollektivlər və inzibati işçilər geniş tədbirlər planı hazırlayıb, çoxsaylı festival və müsabiqələrin, beynəlxalq və yerli layihələrin yüksək səviyyədə təqdim olunması məqsədilə gərgin fəaliyyət göstərib.

Filarmoniyanın mətbuat katibi Camalə Abdinzadə sentyabrın 18-də başlayacaq yeni mövsümlə bağlı AZƏRTAC-a ətraflı məlumat verib.

Mətbuat katibi deyib: “Sentyabrın 18-də – Milli Musiqi Günündə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır. Həmin gün Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin quruluşunda iştirak edəcək. Sentyabrın 19-da isə filarmoniyanın yay zalında Azərbaycan kinematoqrafiyasının 125 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orqan musiqisi zalında müxtəlif konsertlərin və yaradıcılıq axşamlarının keçirilməsi nəzərdə tutulur.

Agentliyin müsahibi qeyd edib: “Bu il çoxlu tədbirlər keçiriləcək. Filarmoniyanın səhnəsində tanınmış bəstəkarların bir sıra tədbirləri və yaradıcılıq gecələri təşkil ediləcək. Onların arasında Azərbaycanın Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illiyi, Azərbaycan Xalq artistləri Tofiq Bakıxanovun və Nəriman Məmmədovun yaradıcılıq gecələri, görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş fortepiano axşamı, Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi, violonçelçi Sabir Əliyevin 95 illiyi ilə bağlı tədbir, İlyas Mirzəyevin 60 illiyinə və Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş yaradıcılıq axşamları var. Həmçinin xarici ifaçıların və tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransanın Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva öz çıxışı ilə klassik musiqi həvəskarlarını sevindirəcək”.

Filarmoniyanın innovasiyalara həmişə açıq olan rəhbərliyi gənc ifaçıları da yaddan çıxarmır. Təcrübə və müasirliyin sintezinə əsaslanan layihələrin həyata keçirilməsi zamanı səhnə həmişə yaradıcı gənclərin ixtiyarına verilir.

Gənc və istedadlı ifaçılara və bəstəkarlara öz yaradıcılıqlarını böyük səhnədə nümayiş etdirmək imkanı verən layihələrdən biri “Gənclərə dəstək” adlanır. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadədir, koordinatoru isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Camalə Abdinzadə qeyd edib ki, layihənin əsas məqsədi ölkədə gənc istedadların aşkar edilməsi və dəstəklənməsi, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafı, musiqi maarifləndirməsi vəzifələrinin həllinə yönəlmiş proqramların həyata keçirilməsi və musiqiçilərimiz arasında hüquqi biliklərin formalaşmasıdır. Bu layihə çərçivəsində konsertlər ölkəmizin müxtəlif səhnələrində təşkil edilir.

2017-ci ildən bu layihənin iştirakçıları hər il ölkəmizin ən mənzərəli guşəsində keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək imkanı əldə edirlər. Xüsusən, bu ilin iyulunda keçirilmiş XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında sözügedən layihə çərçivəsində tamaşaçılara gənc istedadların iki konserti təqdim edilib.

Mətbuat katibi vurğulayıb: “Daha bir maraqlı və mühüm yenilik Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yeni adlar” layihəsidir. Bu layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanıdılmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və böyük sevgi ilə ifa edən gənclərin üzə çıxarılmasına xidmət edir. Gənc ifaçılar filarmoniyanın səhnəsində tanınmış dirijorlar və bədii rəhbərlər – Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, Mustafa Mehmandarovun, Orxan Həşimovun, Xalq artisti Ağaverdi Paşayevin və Əməkdar artist İlahə Hüseynovanın idarə etdikləri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Yeni mövsümdə tamaşaçılar üçün çox maraqlı proqram hazırlanıb”.

Bakılılar və paytaxtın qonaqları üçün daha bir sürpriz abonement konsertlərinin bərpasıdır.

Camalə Abdinzadə əlavə edib: “Uzun fasilədən, 2022-ci ilin noyabrından sonra filarmoniyanın Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi abonement konsertləri yenidən başlayır. Konsertlər hər şənbə günü saat 15:00-da kamera və orqan musiqisi zalında keçiriləcək. Bu konsertlərdə müxtəlif kollektivlər rəngarəng proqramlarla çıxış edəcək.