- Köşə

Azərbaycan Respublikası Prezidentinə açıq məktub

 Hörmətli cənab Prezidentimiz!

Mən bu məktubun cümlələrini, demək olar ki, hər gün ürəyimdən, düşüncələrimdən keçirir və ziyalı dostlarla söhbətlərdə səsləndirirəm. Bu gün isə həmin düşüncələri qısaca da olsa, oxumağa vaxtınız olmasa belə, Sizə ünvanlamaq istədim.

Heç vaxt heç bir partiyanın üzvü olmamışam. Şəxsiyyətə pərəstişin, ali rütbəli şəxslərə tərif və yarınmanın hər zaman əleyhinəyəm və mövqeyim elə də qalacaq. Elm, təhsil, mədəniyyət və s. sahələrdə olan problemlərə görə isə tənqidi, müxalif  mövqeyim danılmazdır…

Bu gün Sizə üz tutmağımın səbəbi isə başqadır. Son illərdə tariximizdə baş verən böyük ictimai-siyasi hadisələrə görə Siz bizim – Azərbaycan xalqının ən səmimi və ürəkdən gələn məhəbbətini, dərin hörmət və ehtiramını, əbədi minnətdarlığını qazandınız. 30 illik yox, deyərdim ki, 200 illik Qarabağ problemini birdəfəlik və qətiyyətlə həll etmək yolunda əvəzsiz xidmətlər göstərməkdəsiniz. Hər bir azərbaycanlı ziyalı bunu dərk edir və qiymətləndirir.

Şərqdə, Qərbdə, daxildə və xaricdə bizimlə uzun illər boyu gizli və aşkar müharibə edən bu qədər amansız düşmənlərlə çox zaman tək mübarizə apardınız. Siyasi, eləcə də beynəlxalq münasibətlər baxımından bəlkə də ən çətin bir mövqedə olan Azərbaycanın dostlarını və düşmənlərini belə bir araya gətirmək kimi böyük siyasi iradə ortaya qoydunuz.

Siz Azərbaycan xalqının daxilində yüz illər boyu yatıb qalmış yenilməzlik gücünü, əzəmətini oyatdınız! Bizə öz tarixi kimliyimizi, mənəvi güc və qüvvətimizi qaytardınız. Bir vətəndaş, Azərbaycan insanı kimi qürurumuzu, şərəf və ləyaqətimizi xalqımızın və onun igid oğullarının gücünü səfərbərliyə almaqla bərpa etdiniz.

Bir Azərbaycan ziyalısı, Qarabağ insanı kimi Sizə minnətdarlığımı bildirirəm.

Analar evlərində namaz qılanda Sizə dualar edir, Sizi sağlam, güclü, yenilməz iradə sahibi kimi sevir, hər səfərinizdə pıçıltı ilə uğurlayır… Bundan böyük sevgi olarmı? Siz xalqınız tərəfindən dünyanın ən səmimi sevgisini qazanmısınız.

Sizə Qarabağda, qanla suvarılmış müqəddəs torpaqlarımızda əzəmətli quruculuq işləri yolunda  çox böyük uğurlar arzu edirəm. Əminəm ki, gələcək nəsillər Sizə o yerlərdə heç vaxt heykəl qoymayacaq. Çünki onlar hər qarış torpaqda, hər qayada, hər dağda, yenidən qurulmuş şəhərlərin yenidən tikilmiş hər binasında qəhrəman əsgərlərimizin Ali Baş komandanı kimi Sizin obrazınızı  daima gözləri önündə canlandıracaq…

  Hörmətlə,
İradə Musayeva,
Filologiya elmləri doktoru