Ağır xəbər – Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı Xəzər Universitetinin kollektivini də dərindən sarsıtdı. Yüksək dövlət səlahiyyətləri ilə yanaşı ictimai xadim kimi geniş fəaliyyət göstərən Qənirə Paşayeva yalnız öz seçiciləri ilə deyil, əhalinin müxtəlif təbəqələri ilə, xüsusən şəhid ailələri ilə daim görüşür, qayğı göstərirdi. Mədəniyyət komitəsinin sədri kimi ədəbiyyat və incəsənət xadimlərini ad günlərində təbrik etmək, onlarla görüşmək fəaliyyətinin diqqət çəkən sahəsi idi. Türk dünyasına böyük sevgisi olan Qənirə Paşayeva Türkiyə və Azərbaycan qardaşlığına, ümumiyyətlə türk dövlətlərinin birliyinə xidməti ilə də tanınırdı.
Qənirə Paşayeva ilə Xəzər Universitetini uzun illərin sıx dostluq münasibətləri birləşdirirdi. O, bir müddət universitetdə müəllim kimi çalışmışdı, sonralar universitetin tədbirlərinə böyük məmnuniyyətlə gələr, kollektivlə görüşər, dərin məzmunlu çıxışlar edərdi. Xəzər Universitetinə ölkənin ali təhsil məkanındakı yenilikçi xüsusiyyətlərinə görə səmimi sevgisi vardı, universitetin kollektivi də onu ölkənin gözəl ziyalı xanımı, dərin zəkalı ictimai xadım, qayğıkeş insan kimi sevirdi.
Qənirə Paşayevanın əziz, unudulmaz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Prof. Akad. Hamlet İsaxanlı