- Cəmiyyət, Manşet

Roma Papası Ukraynaya “ağ bayraq cəsarəti”ni tövsiyə edib, Türkiyəni vasitəçi kimi qeyd edib

Ukrayna ağ bayraq qaldırmağa və təcavüzkar ölkə ilə danışıqlara başlamaq üçün cəsarətə malik olmalıdır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk RSI-ya (italyandilli İsveçrə teleradiosu) müsahibəsində deyib.

Diqqətə çatdırılıb ki, müsahibə ötən ay qeydə alınsa da, mətn versiyası ancaq indi dərc olunub. Efirə martın 20-də çıxacaq.

Fransiskdən Ukraynanın Rusiya qoşunlarını dəf edə bilmədiyi üçün təslim olmasına inananlar və bunun təcavüzkarın hərəkətlərini legitimləşdirdiyini iddia edənlər arasında müzakirələrlə bağlı mövqeyi soruşulub. Müsahibəalan sualında “ağ bayraq” ifadəsini işlədib.

“Fikrimcə, ən güclü tərəf vəziyyətə baxaraq insaları düşünən və ağ bayraq cəsarətinə malik olan və danışıqlar aparandır”, – pontifik söyləyib.

Müqəddəs Ataya görə, danışıqlar aparmaq cəsarət tələb edən şeydir:

“Danışıqlar aparmaq” sözü cəsarətli sözdür. Məğlub edildiyinizi, işlərin pis getdiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır”.

Fransisk əlavə edib ki, danışıqlar beynəlxalq qüvvələrin köməyi ilə baş tutmalıdır.

“Reuters” qeyd edib ki, Fransisk ilk dəfə Ukraynadakı müharibəni müzakirə edərkən “ağ bayraq” və “məğlub edilmiş” ifadələrinə müraciət edib. Agentlik xatırladıb ki, keşiş daha öncə də danışıqların vacibliyindən danışıb.

“Utana bilərsiniz, amma bu (müharibə) sonda nə qədər ölüm gətirəcək? Biz vaxtında danışıqlar aparmalı, vasitəçi kimi çıxış edə biləcək ölkə tapmalıyıq”, – pontifik söyləyib və vasitəçi kimi namizədliyini irəli sürmüş Türkiyəni qeyd edib.

“İşlər daha da pisləşməzdən öncə danışıqlar aparmaqdan çəkinməyin”, – Papa deyib.

Vasitəçilik etməyə hazır olub-olmadığını soruşduqda, Fransisk belə cavab verib: “Mən buradayam”.

Müsahibənin başqa bir hissəsində İsrail və HƏMAS arasındakı savaşdan danışan Fransisk deyib: “Danışıqlar təslimiyyət deyil”.