Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal” və “Portu” klubları arasında cavab oyunu başa çatıb.
“Report” xəbər verir ki, görüş Londondakı “Emirates-Ashburton Grove” stadionunda baş tutub.
Oyunu fransalı Klement Turpinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. 41-ci dəqiqədə belçikalı vinger Leandro Trossard fərqlənib. Beləliklə, iki oyunun yekununa əsasən ümumi hesab bərabərləşib – 1:1.
Əlavə vaxtda qol vurulmayıb. “Arsenal”ın futbolçuları penalti seriyasında daha güclü olublar – 4:2.
Xatırladaq ki, 1/8 final mərhələsinin ilk oyununda “Portu” doğma meydanda “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu braziliyalı yarımmüdafiəçi Venderson Qaleno vurub.
Qeyd edək ki, daha əvvəl “Barselona” İspaniyada “Napoli”ni məğlub edərək 1/4 finala yüksəlib.