- Köşə

Nurəddin ƏDİLOĞLU. Dünyanin “yaşıl” çadırı

                                               (Esse)

…Yox, yox! Tanrı bəşər övladı üçün belə ssenari yaza bilməzdi. İndi yer üzündə baş verən xoşagəlməz hadisələrin ssenarisini BÖYÜK SİYASƏT adamları hazırlayırlar. Onların bir qismi canfəşanlıqla taxt-taca can atarkən, digər qismi hökmüdarlıq titulunu qoruyub saxlamaq, səlahiyyət müddətini uzatmaq üçün min bir oyun qurur. Beləcə dünya qocalıb-qarıdıqca DƏRDLƏRİ təzələnir…

…XXI əsrin 20 –ci ilinin əvvəli BU GÜNLƏ müqayisədə ilk baxışda dünyada hər şey əvvəlcədən cızılmış alababat ssenari üzrə gedirdi. Bəşəriyyət FAŞİZM üzərində Qələbənin 75 illiyini bayram etməyə hazırlaşırdı. İrəlidə – 9 mayda Rusiyanın paytaxtı Moskvada möhtəşəm QƏLƏBƏ paradı olacaqdı. Dünya liderlərinin çoxu həmin gündə bir araya gələcəklərini bəyan edirdi…

Bəli, okeanlar həminki okean, dənizlər əvvəlki dəniz idi. Dağlar əzəmətli, meşələr zümrüd qiyafəsində görünürdü. Günəş də şərqdə doğub qərbdə qürüb edirdi. Şair demişkən, BATIDA (qərbdə) “BATAN” təkcə GÜNƏŞ deyildi, fəqət dünya yaşamalı dünyaydı; yəni cavanlar görüş yerinə tələsirdi, qocalar nəvələri ilə parklarda asudə gəzib-dolaşırdı. Məktəb şagirdləri tələbə olmaq arzusuyla yaşayır, bağça uşaqları da öz oyuncaqlarıyla oynayırdılar…

Dövlət başçıları isə həmişə olduğu kimi kürsülərdən təmtəraqlı nitqlər söyləyib, gələcəyin daha parlaq, güzaranın daha yaxşı olacağını vəd edirdilər… Təkcə din xadimləri moizələrində qiyamət gününün yaxınlaşdığından DƏM vururdular. Ekstasenslər isə Rusiya tərəfindən Üçüncü Dünya Müharibəsini başladacağını söyləyirdilər.

Qərbi Avropanın UZAQ sahillərində nisbi sakitlik olsa da, şərqdə ölümsaçan odlu silahlar matəm mərasimi qurmuşdu. Milyonlarla insanın, Allahın müsəlman bəndələrinin ah-naləsi göyə qalxmışdı. Müharibə bölgələrindən əllərinə “Biz hamımız insanıq”“İsa da miqrant idi” yazılmış lövhələr götürüb Avropaya üz tutan qaçqınların axını qərbin böyüklərinin kefini qaçırmışdı. Qərb uzun illər idi ki, müsəlman xalqlarına zorla “yedirdiyi” xəşili indi özü dadırdı, daddıqca da onun necə acı, zəqqum, hətta iyrənc olduğunu hiss edirdilər…

Bax, elə bu gerçəyi DƏRK edən ANDAN başlayaraq dünya yeni müsübət(lər)ə hamilə qalmışdı… Qloballaşma siyasətinin öncül “papaları” bu müsübətdən dünyaya SƏADƏT günəşinin doğulacağını bəyan etdilər. Multikulturalizmin göycək “mamaçaları” isə müsübətə HAMİLƏ dünyanı ABORT etməyə hazırlıq gördülər. Dünyada cövlan edən çoxcəhətli, soyuq və mürəkkəb məqsədli İKİLİ standatlar rüzgarı getdikcə gücləndi.

ABŞ-ın liderliyi ilə başlayan ANTİTERORİZM siyasəti Dünyanın qürub çağını yaxınlaşdırırdı. 75 ildən sonra Hitlerin faşist RUHU neofaşist cildində oyanmışdı. Ötən əsrdə milyonlarla insan canın alan Dünya müharibələrində iki dəfə lokamativ rolunu oynayan Avropa neofaşizmə açıq-aşkar meydan verirdi… Dünya mübarizə  metodları dəyişmişdi. Daha dünyanın ən cəsur partizanlarının belə Avropanın göbəyində hegemonluq edən terrorçu və neofaşistlərlə mücadiləsi bəhrə vermirdi.  Hitlerin yeni ideyalarının sadiq nökərindən olan cənab Şultsun Mixaylo kimi müasir partizanları zərərsizləşdirmək layihəsinə  DÜNYA BANKI tərəfindən böyük sərmayə ayrılmışdı. Peşəkar killer Karrantinin əliylə dünyanın hər güşəsində bir-birinin ardınca xeyli vətənpərvər insanlar, müxalifət liderləri aradan götürülüdü.

Partizan hərəkatına rəhbərlik edən Luici Ferreronun hüzuruna gedərkən Mixaylionun kürəyinə sapladığı bıçaqla Karrantin Avropa İttifaqında  və AŞPA-da böyük şöhrət qazanmışdı. Çox keçmədi ki, ölmcül yaralanmış Mixaylonun  neofaşizmlə müxalifdə olan partizan yoldaşları Koronavirus bəhanəsiylə karantinə salındı…

İndiVeselin kimi şir ürəyi yemiş cəsur oğullar belə yalnız öz evində partizanlıq edə bilərdi. Hər yerdə peyda olan əclaf və acgöz Karrantin isə pul qazanmaq xatirinə siyasət aləminin şeytanları ilə də əlbir olmuşdu. Onun göstərişi ilə Mixaylonun sadiq silahdaşı Anjelikanı da neofaşist terrorçular qətlə yetirmişdi. Əvvələr o gənc, gül kimi gözəl, gülsatan qıza valeh omuş Sinyor Rosselininin  dünyada nəhəng Bank Holdinq şirkətləri olsa da yenə simiclik eidirdi. Şərqdə insan fəlakətinə bais olan irili-xırdalı müharibələrə qazanc mənməyi kimi baxan bu milyarderin heç nə, heç kim vecinə deyildi… Əbləh Mazelli isə yer üzündə çaxnaşma yaradan yeraltı dünyanın adamlarına “Faust”u ucadan oxuyurdu.

Beləcə qanıqaçmış dünya öz hayındaydı… İstər qərbdə, istər şərqdə insansifət siyasət ƏJDAHALARININ  “dava-dava” oyununa Allah mat qalmışdı… Dünya isə  həmişə olduğu kimi yeni bəlalardan böyük itkilər verə-verə sağalmağa çalışıdrdı…

…Yenə ağaclarda qumrular oxuyurdu, Yenə zibilliklərdə pişiklər dolaşırdı, sahibsiz itlər küçələrdə, parklarda sülənirdi.

Pul düşkünü olan Karrantilərin ucabatından təkcə partizan xislətli müxlifətçi patriotlar deyil, dinindən, iqindən, əqidəsindən asılı olmayaraq sadə insanlar da özlərini neofaşizmin elekton konslagerində hiss edirdilər.

Partizan Mixaylonun mübariz ruhu da maskalanmış neofaşizmlə mübarizənin klassik faşizmlə müqayisədə müşkül olduğunu duyub QEYBƏ çəkilibmişdi. Dünyaya allı-güllü BAHAR gəlmişdi. Amma dünyaya ağalıq etmək eşqinə düşən Hütlerin murdar ruhu qara kabus kimi hələ də bəşəriyyətin başı üzərində dolaşırdı…

Dünya şərqdə QARA geyib, qərbdə GÖY bağlamışdı.

Yox, yox! Tanrı bəşər övladı üçün belə ssenari yazmazdı. İndi yer üzündə baş verən ən ŞOK fəlakətlərin ssenarisini siyasətçilər yazırdı.

Yox! Yox! Yox!.. Allah öz bəndəsinə belə cəza verməzdi!.. Siyasət – Yer kürəsində Allahlıq iddiasında olan yırtıcı xislətli məxluqların ağalıq etmək aləti idi: Siyasətçilərin özləri də sanki pultla idarə olunurdu. İndi dünyanın çox yerində robort bəndələri robort allahlar idarə edirdi…

***

P.S: Bu yazını 4 il əvvəl koronavirusla bağlı ölkədə Novruz şənliklərinin ləğv edildiyi vaxtda qələmə almışdım. Adını da “Dünyanın “QARA” çadırı” qoymuşdum. Bu gün yazın torpağa-daşa can verdiyi, bağ-bağçalarda lalənin, nərgizin, yasəmənin şeir kimi misralandığı  vədələrdə  çox şükür ki, xalqımız milli bayramı ürəyi istədiyi kimi keçirə bilir. Qoy həmişə Novruz ölkəmizə və bütün dünyaya sülh və əmin amanlıq gətirsin. Bayamınız mübarək olsun!