Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Yasynuvata rayonunun Pervomayske kəndini işğal edib.
“Report” xəbər verir ki, bu barədə qondarma region rəhbərliyinin müşaviri Yan Qagin “RİA Novosti”yə açıqlayıb, eyni zamanda bu barədə yaşayış məntəqəsində Rusiya bayrağının sancılmasının videosunu yayan rusiyalı “hərbi müxbir” Andrey Rudenko da bildirib.
Ərazinin geolokasiyasına əsasən, video Pervomayskenin qərb ucqarında çəkilib. Çəkilişin nə vaxt aparıldığı aydın deyil.
Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “Deep State” teleqram kanalı Rusiya hərbçilərinin Pervomayskenin qərb kənarını ələ keçirərək kəndi tamamilə işğal etdiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kəndin ələ keçirilməsi ilə bağlı məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Pervomayske fevral ayında Rusiya qoşunlarının ələ keçirdiyi Avdiivkadan 10 kilometr cənub-qərbdə yerləşir. Savaşdan qabaq iki mindən çox insanın yaşadığı kənd uğrunda döyüşlər 2022-ci ilin avqust ayından davam edirdi.