- Manşet, Mədəniyyət

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib

İstanbulda Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına əsasən təşkil olunub.

Bədii gecədə Vizyon Teatr Birliyi tərəfindən ərsəyə gələn “Məhəmməd Füzuli – Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixinin qüruru” sənədli filminin təqdimatı olub. Film Teatr Birliyinin “Mehtaplı gecə” layihəsi çərçivəsində ərsəyə gətirilib.

Ekran əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Azərbaycanın Xalq artisti Əlixan Səmədov, dizayn tərtibatçısı Lətafət Rafiqqızıdır. Layihənin rəhbəri isə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin sədri Kəmalə Kamal Cabbarovadır.

Bədii gecədə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin aktyorlarının ifasında “Aşiqi sadiq şair Füzuli” adlı teatr tamaşası oynanıb, dahi şairə həsr olunan sərgi açılıb.