Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının xanımı Leyla Bağçının dəvəti ilə Ebru sənətinə həsr olunan tədbir keçirilib. Tədbir Türkiyə səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və səfirlərin xanımları iştirak ediblər.
Tədbirin açılışında Leyla Bağçı bildirib ki, Ebru Şərq ölkələrinə xas dekorativ sənətdir. Qərbdə bu sənətə “türk kağızı” da deyirlər. Xüsusi materiallarla hazırlanan ebru sənətinin bir çox növləri var. 2014-cü il noyabrın 27-də Ebru sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edən Leyla Bağçı IX-X əsrlərdə yaranan bu sənətin ən qədim nümunəsinin 16-cı əsrə aid olduğunu bildirib. Osmanlı dövründə xüsusi sənət sayılan Ebru XX əsrin əvvəllərində unudulmaq üzrə olsa da, türkiyəli sənətçi Nəcməddin Okyay ona yeni nəfəs verib.
Bakı Yunus Əmrə İnstitutunun müəllimi Zərifə Əlixanova Ebru sənətinin incəliklərini qonaqlara nümayiş etdirib. Bildirib ki, su üzərində rəsm çəkmə sənəti olan Ebru incəsənətin maraqlı növlərindəndir. Müasir dövrümüzdə Ebru sənətinin vətəni kimi Türkiyə qəbul olunub. Ebru bu ölkədə daha geniş yayılıb və inkişaf edib.
Ebruda bütün əməliyyatlar qatılaşdırılmış su üzərində aparılır. Əvvəlcə fırça vasitəsilə qatılaşdırılmış suyun üzərinə kiçik damcılarla boya tökülür. Sonra suyun üzərindəki damcılar xüsusi alətlərin köməyi ilə müxtəlif naxışlara, təsvirlərə çevrilir.
Naxışlarına görə ebru növləri çoxdur.
Daha sonra Leyla Bağçı və qonaqlar Ebru rəsmi yaradıblar.