- Mədəniyyət

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

İyunun 2-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində hadisələrin dinamik şəkildə bir-birini izləməsi və dövrü əks etdirən dekorasiyalar diqqəti cəlb edir.

Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov və Nofəl Vəliyev canlandırır.

“Sərgüzəşti-vəziri xani-Lənkəran” o dövrdə şəhərdə hökm sürən hərc-mərclikdən, bərabərsizlikdən bəhs edir. Hər tərəfi bürüyən acınacaqlı vəziyyət isə əslində, şəhəri idarə edən Lənkəran xanının savadsızlığından irəli gəlir. Bu işdə ona sadiq vəziri yaxından kömək edir. Lakin gənc və gözəl Nisə xanım bu izdivaca qətiyyən razı deyil, çünki onun könlü xanın qardaşı oğlu Teymur ağadadır. Teymur ağa boylu-buxunlu, yaraşıqlı, dost-tanışları arasında sayılıb-seçilən mərd bir cavandır.

O da bu izdivaca qarşıdır və hər vasitə ilə əmisinə mane olmağa çalışır. Ona isə Nisə xanımın bacısı, həmçinin vəzirin ikinci zövcəsi Şölə xanım və anası Pəri xanım kömək edirdi. Vəzirin birinci arvadı Ziba xanım isə yaranmış vəziyyətdən şübhələnərək onları ifşa etməyə çalışır. Lakin gənclərin sevgi uğrunda çəkdikləri əziyyət yerdə qalmır. Sonda Lənkəran xanının qayıqla gəzinti zamanı qəza nəticəsində qəfil ölümü onun yeganə varisi olan qardaşı oğlu Teymur ağanın taxta keçməsi və sevənlərin qovuşması ilə nəticələnir.