- Mədəniyyət

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində məşhur yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin eyniadlı pyesi əsasında hazırlanmış “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub. Dünyaşöhrətli ədibin yaradıcılığında yeganə pyesin səhnə təcəssümü Azərbaycanın Xalq artisti Aleksandr Şarovskiyə məxsusdur.

AZƏRTAC xəbər verir ki, bu tamaşa Azərbaycanın Xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. Tamaşaçılar arasında yubilyarla çoxillik dostluq bağları olanlar da vardı. Aktrisanın həmkarları və sənətini qiymətləndirənlər onunla bu bayramı paylaşmağa gəliblər.

“Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşası bir monoloqdur və ən mürəkkəb teatr formatlarından biridir. Bir saatdan az bir müddətdə Natalya Şarovskaya sanki etiraf edirmiş kimi, dörddəbir əsrlik ailə tarixini yaşayıb. Aktrisa tamaşaçıların gözü qarşısında sevginin hərəkətlərin və əməllərin yeganə meyarı olduğu gəncliyinin hərtərəfli qayğısız illərinə qayıdıb.

“Sevgi etirafı” səhnədə bir çox obrazları təcəssüm etdirmiş Xalq artistinə xas olan geniş aktyorluq sənətini nümayiş etdirmək üçün əlverişli materialdır. Deyə bilərik ki, bu tamaşadakı Qadın rolu Natalya Yuryevnanın timsalında məharətlə yaradılmış obrazların bir növ kvintessensiyasına çevrilib.

Tamaşanın sonunda həm quruluşçu rejissor, həm də günün qəhrəmanının həyat yoldaşı kimi uğurunu bölüşən Azərbaycanın Xalq artisti Aleksandr Şarovski Natalya Yuryevnaya Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının təbrik məktublarını təqdim edib. Yubiley bayramı axşamında Xalq artistinin qəlbinə yaxın, əziz insanlardan onun ünvanına çoxlu xoş sözlər, arzular səsləndirilib. Natalya Şarovskaya bu əlamətdar günü onunla bölüşən hər kəsə təşəkkür edib. O, Azərbaycanda doğulduğuna, yaşadığına və yaratdığına görə sevindiyini qeyd edib. Aktrisa, əvvəlcə valideynlərinin, sonra isə tamaşaçıların və teatrın ona bəxş etdiyi sonsuz xoşbəxtlikdən bəhs edib. Natalya Şarovskaya, həmçinin özünün iştirakı ilə tamaşa səhnələşdirən, bununla da ona möhtəşəm hədiyyə bəxş edən həyat yoldaşının sevgisini xüsusilə qeyd edib. Aktrisa, habelə tamaşa üzərində işləyən həmkarlarına – dekorasiya üzrə rəssam, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, kostyum üzrə rəssam, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovaya, musiqi tərtibatçısı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya tərtibatçısı Olqa Arsentyevaya, işıq üzrə rəssam Nikolay Rudıçevə təşəkkürünü bildirib.