- Mədəniyyət

Anton Ferştandt: Rolu yalnız oynamaq yox, həm də onu səhnədə yaşamaq gərəkdir

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Dövlət Xor Kapellasının solisti, Azərbaycanın Əməkdar artisti Anton Ferştandt gözəl bariton səsə malik olduğuna görə Bakı auditoriyası tərəfindən çox sevilir və dinləyicilər onun hər çıxışını səbirsizliklə gözləyirlər. Artistin dediyinə görə, bu mövsümdə o, “öz aktivinə” çoxdan bəri ifa etməyi arzuladığı partiyanı yazmağa müvəffəq olub və doğma teatrının səhnəsində məhz bu partiya ilə iyunun 14-də çıxış etməyə hazırlaşır…

– Xalq artisti Əvəz Abdullanın ifasındakı Skarpia obrazını indi siz ifa edəcəksiniz. İfanızın müqayisə olunacağından çəkinmirsiniz ki?

– Artistlər müəyyən mənada imitatordurlar. Bu və ya digər ifaçıdan hansısa müəyyən ifa tərzini mənimsəmək tamamilə normal haldır. Onun ifası mənim xoşuma gəlir. Əvəz Abdullanın özü də bir az italiyalılara bənzəyir, onlar daha emosional olurlar. Lakin fikrimcə, Skarpia obrazına daha çox yırtıcı səssizliyi xasdır. Xüsusilə, ikinci aktda – öz məkanında olanda bu, özünü daha çox büruzə verir. Burada onun bir barmağının hərəkəti və ya baxışı kifayət edir ki, ətrafındakılar onlardan tələb olunanı yerinə yetirsinlər. Onların ünsiyyət sistemləri bu baxımdan təkmildir. Skarpia partiyasına hazırlaşanda emosiyalarımı ələ ala bilməyəcəyimdən çəkinirdim. Birinci dəfə olduğu üçün özümü ələ almağa çalışdım. Skarpia partiyasının əvvəlki ifaçıları ilə bağlı müqayisə məni belə demək mümkün olarsa, tamamilə başqa bir Skarpia obrazını yaratmağa sövq edirdi. Hətta kənardan belə bir rəy də eşitmişdim ki, mənim ifamda o, göz önündə daha çox sovet məmuru kimi canlanır.

– Niyə də yox?..

– Tamamilə razıyam… Xarici görünüşüm italiyalılara qətiyyən bənzəmir. Boyum, saçımın və gözlərimin rəngi klassik vizualizasiyadan uzaqdır. Ancaq məncə, belə daha maraqlıdır! Bu müqayisə ilə bağlı hətta bir prototip də mövcuddur, həmin oxşarlığı hələ məşq etdiyimiz mərhələdə konsertmeysterimiz Rebekka Məhəmmədova kəşf edib və məncə, öz ehtimallarında heç də yanılmayıb. Bu obraz dəyişikliyi ilə göstərməyə çalışmışıq ki, qarşısına öz arzusuna çatmaq məqsədini qoyan və ona hər vəchlə çatan insanlar var, bunu nə cür etdiklərinin isə heç bir əhəmiyyəti yoxdur. Lakin onu da deyim ki, mənim Skarpiam yığılma və məcmu obrazdır, onu bu gün də tanımaq mümkündür. Çünki bu personajın xüsusiyyətlərinin səhnədə ifadə edilməsi üçün material kifayət qədərdir.

– Vokal məktəbindən savayı, heç Stanislavski təliminə üz tutursunuzmu?

– Mən aydın başa düşürəm ki, rolu yalnız oynamaq yox, həm də onu səhnə müddətində yaşamaq gərəkdir. Onu da deməliyəm ki, güzgü qarşısında məşq edirəm və tez-tez həyat yoldaşım mənə deyir ki, güzgü qarşısındakı üz mimikalarım və ifadələrim, hərəkətlərim kənardan çox gülməli görünür. Eyni zamanda, mənə vokal və aktyor kimi işləməyə imkan verən daha münasib ifadənin axtarışındayam. Bu yanaşma, fikrimcə, təsvir etdiyim xarakterdə özümü tapmağa daha çox kömək edir.

– Bəs bu halda hansı daha irəlidə gəlir, vokal ya aktyor oyunu?

– Dərhal etiraf edim ki, operada mənə himayədarlıq edən “xaç anam” Səbinə Əsədovadır. Məni ilk dəfə operaya dəvət edən də məhz odur. Bu əsər “Karmen” operası idi. Heç ağlıma da gəlməzdi ki, Eskamilyonun partiyası mənə veriləcək. Uşaqlıqda bir çoxları aktyor olmaq həvəsinə düşür, əlbəttə, mən də istisna deyiləm. Lakin o vaxtlar kinematoqrafiya daha cəlbedici idi. Lakin burada iş prosesi müəyyən spesifika ilə əlaqələndirilir, burada aktyor oyunu “şəkil kimi donur” və işin texniki tərəfi üstünlük təşkil edir. Opera sənətində isə hər şey “canlıdır”, hətta zahiri oxşarlıq olsa da, hərəkət və davranışlar hər dəfə yeni tərzdə baş verir. İndiki zamanda rejissorların və quruluşçu rejissorların iradəsi ilə material yenidən təfsir olunur. Bu, aprel ayında “Karmen”in müasir formada yenidən səhnəyə qoyulması ilə bir daha öz təsdiqini tapdı, burada toreador obrazı tamaşaçılarıma artıq tamamilə qeyri-adi şəkildə təqdim edildi. Opera mənim hər şeyimdir, bunu artıq anlamışam! Burada hər şeyi sintez etmək olur.

– Vokal bacarıqlarını gerçəkləşdirmək imkanını nəzərdə tutursunuz?

– Uşaq vaxtı oxumağa kilsə xorundan başlamışam, valideynlərim tez-tez deyirdilər ki, musiqi duyumum yoxdur. Doqquz-on yaşım olanda “V lesu rodilas yoloçka” (Meşədə şam ağacı doğuldu) mahnısının bir notunu belə düzgün oxuya bilmirdim. Bu gün isə Azərbaycanda ilk dəfə səslənən əsərləri rahatlıqla ifa edə bilirəm. Opera mənim həyatımı tamamilə dəyişdi, mən onun “aludəçisinə” çevrilmişəm. Axı mən özümü politologiya peşəsində sınamaq istəyirdim, çünki daxili aləmim bu sənətlə həmahəng idi. Lakin opera da, öz mahiyyəti etibarilə, həm siyasət, həm də tarix deməkdir. Xüsusi musiqi savadım olmasa da, təhsilimi davam etdirdim. Bu gün isə hər yeni səhnə əsəri ilə mən arzularımın necə gerçəkləşdiyinin fərqinə varıram. Skarpia da arzum idi… Bayaqkı söhbətə qayıdaraq deyim ki, aktyorluq daha vacibdir. Çünki müxtəlif tərzdə ifa etmək mümkündür. Böyük səhnə ustaları da səhnədə həyəcan keçiriblər. Bu, tamamilə normaldır. Artistlik isə çox mühüm amildir, bu məsələ birinci plandadır. Əgər səhnədə artistliyin yoxdursa, heç bir möhtəşəm səs imkanların səni xilas edə bilməyəcək.

– Bəs ənənəvi opera formatı?

– Hazırda hər şey fərqli şəkildə təfsir olunur. XXI əsr öz vizual tələbi ilə başqa bir tarixi dövrdür. Müasir dinləyicinin istənilən musiqi yazılarını tapa biləcəyi məhdudiyyətsiz rəqəmsal platforma imkanları var. Məncə, operaya gələndə insan təkcə yaxşı ifa dinləməməlidir. Səhnədəki sənətçi qəhrəmanını bacarıqlı və üzvi şəkildə təqdim etməyi bacarmalıdır. Salonda oturanların hamısı italyan, fransız, alman dillərini bilmirlər. Buna görə də aktyorluq istedadı olan opera müğənnisi dinləyicilər üçün ən azı duetlərdə nə olduğunu aydınlaşdırmalıdır. Emosional hərəkətlər, üz ifadələri və jestlər müasir opera tamaşasının zəruri tərkib hissəsidir.

– Baritonlar əsasən müsbət keyfiyyətlərdən uzaq qəhrəmanların partiyalarını ifa etməyə meyilli olurlar…

– İstisnalar olsa da, əksər hallarda baritonların, bir qayda olaraq, süjetdə mənfi obrazları ifadə etdiklərini inkar etmək çətindir. Bunun özünün mənim üçün xüsusi bir cazibəsi var. Səsimin növünə görə bariton və bas partiyalarını ifa edə bilirəm. Daxilən mahiyyətcə pis keyfiyyətlərdən uzaq ola-ola mənfi obrazı yaratmaq əlbəttə ki, çətindir. Lakin mən uşaqlıqdan bu günə qədər prosesdən zövq alaraq çətinliklərin öhdəsindən gəlməyi həmişə sevmişəm.