- Mədəniyyət

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı “Fiqaronun toyu” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov AZƏRTAC-a açıqlamasında bildirib ki, teatr milli status alandan sonra təhvil verdiyi birinci böyük tamaşadır. Azərbaycanda sözügedən əsərə 1940-cı ildə, yəni 84 il bundan əvvəl müraciət olunub: “Pyer Bomarşenin “Fiqaronun toyu” əsəri bütün dünyada çox məşhur olan əsərlərdən biridir. Varlı və zəhmətkeş təbəqənin qarşıdurması ilə başlanan tamaşada hadisələr müxtəlif formalarla cərəyan edir. Foyedə də tamaşanın bir hissəsi olaraq, toy ab-havasını yaratmaq məqsədilə oğlan və qız evi zərfləri də düzülüb. Bunu etməkdə məqsəd tamaşaçıların öz ürək sözlərini yaza bilmələri üçün şərait yaratmaqdır. Düşünürəm ki, Azərbaycan tamaşaçısının yaxşı bir dinamik komediyaya ehtiyacı var idi. Həmçinin aktyorların da. Çünki teatrımızda ard-arda dramatik və faciə janrında əsərlər oyananılırdı. “Fiqaronun toyu” isə fərqlilik gətirdi. Səhnə əsərində teatrın iki heyəti çıxış edəcək. Bu tamaşanın bir parçası olaraq səhnəni dəyişməyi də məhz aktyorlar özləri edir. Tamaşa bu il üçün artıq teatrda səhnələşdirilən beşinci premyeradır.

Bundan sonra dekabra kimi daha iki tamaşa təhvil vermək planımız var. Bunlardan biri “Cırtdan”, ikincisi isə İlqar Fəhminin “Şahnamə” əsərləri olacaq”.

Tamaşada Qrafinya rolunu ifa edən Əməkdar artist Kəmalə Müzəffər komediya janrında özünü heç zaman sınamadığını qeyd edib: “Mənim canlandırdığım obraz həyat yoldaşını itirmiş və geri qayatrmaq üçün saysız planlar fikirləşən saray xanımıdır. Bu, daxili aləmi qəmgin olan obrazdır. Reallaşdırdığı planlar bəzən uğurlu, hərdən isə, tamamilə uğursuz olur. Amma nəticədə onun taktikası öz nəticəsini verir. Tamaşada rol almaq mənim üçün çox xoşdur”,- deyə Əməkdar artist əlavə edib.