III Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində “Isaak Jamba Group”un iştirakı ilə parlaq Braziliya sambası konserti keçirilib və bununla da iki həftə davam edən festivala yekun vurulub. Bağlanış mərasimi “Rotunda Roof Garden”də baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də media təmsilçiləri iştirak ediblər. Braziliyalı artistlər İsaak Kamba (zərb alətləri), Lusiano Vaskonselos da Silva (bas gitara) və Sofiya Qrasio (vokal və piano) samba caz üslubunda hərarətli musiqi kompozisiyaları ifa ediblər. Tamaşaçıların və musiqiçilərin xahişi ilə Bakı Piano Festivalının direktoru, Azərbaycanın Əməkdar artisti, cazmen Şahin Növrəsli də əcnəbi həmkarları ilə birlikdə bir neçə orijinal nömrə ifa edib.
Tədbir gənc musiqiçilərin improvizasiya seansı ilə başa çatıb.
Konsertdən sonra Braziliya incəsənət ustaları festivalda iştirakı və Azərbaycana səfəri ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Sofia Qrasio: “Mən çox ölkədə olmuşam, deyə bilərəm ki, Azərbaycan planetin ən heyrətamiz yerlərindən biridir! Bizi çox yaxşı qarşıladılar, hər şey gözəl idi. Festivala gəlincə, tədbir ən yüksək səviyyədə keçdi. Bu, Nyu-Yorkdakı ciddi bir konsertin səviyyəsidir”.
Lusiano Vaskonselos da Silva: “Bakı valehedici şəhərdir! Buradakı insanlar savadlı və əla zövqə malikdirlər. Bizim inanılmaz dərəcədə yaxşı qarşıladılar!”
İsaak Kamba: “Zaldakı tamaşaçılar məni heyran etdilər! Deyə bilərəm ki, bunlar məhz mənim publikamdır. Özümü heyrətamiz dərəcədə yaxşı hiss edirəm! Bizi dəvət etdiyinə görə Şahin Növrəsliyə təşəkkür edirik. Mənə elə gəlir ki, biz bura yenidən qayıtmalıyıq”.
Şahin Növrəsli AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu gün gözəl bir konsertlə bağlanış mərasimimiz oldu. Festival başa çatdı və biz birlikdə, ümumi səylərlə uğurlu tədbir keçirdik. Bu tədbir ölkəmiz, şəhərimiz, bakılılar və paytaxtın qonaqları üçün keçirdiyimiz musiqi bayramı, mədəniyyət şənliyi oldu. Festival müxtəlif janrlara malik olması və insanın fərqli musiqiləri dinləyərək əylənə bilməsi ilə əlamətdardır. Caz, samba, flamenqo, klassik və müasir musiqimiz ifa olundu. Hər kəsi təbrik edir, kömək və dəstəyə görə sənətçilərimizə, komandamıza, tərəfdaşlarımıza, sponsorlarımıza, dostlarımıza, mətbuata və təbii ki, tamaşaçılara təşəkkürümü bildirirəm. Dördüncü Bakı Piano Festivalını gözləyirik. Planlarımız var və artıq bir neçə konsert hazırdır: yenə Braziliya musiqisi olacaq, Avstriya və Türkiyə musiqiçiləri iştirak edəcəklər. Biz formatı dəyişmirik, olduğu kimi saxlayırıq. Amma yenə musiqi bayramı olacaq!”
Qeyd edək ki, iyunun 16-dan 29-dək paytaxtda III Bakı Piano Festivalında müxtəlif ölkələrin virtuozlarının musiqili konsertlərindən ibarət rəngarəng proqram təqdim edilib. Bundan əlavə, festivalda film nümayişləri, bədii tədbirlər və teatr tamaşaları da yer alıb.