Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.
Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.
Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.
Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.
Onlar yaşayırlar… amma necə?
Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…
Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?
Qayələri də bu!
Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!
Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!
Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.
Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.