Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadanın Toronto şəhərində keçirilən “WideScreen Film & Music Video” festivalında “Fəxri Ad” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması mövzusunda çəkilmiş filmlər qəbul edilir.
Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.
Festivalda “İkinci Ömür” tammetrajlı bədii filmin ssenarisi də “Fəxri Ad” mükafatına layiq görülüb.
“Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq, soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”, – deyə Cəlaləddin Qasımov bildirib.
O, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.