- Mədəniyyət

Xalq rəssamı Tokay Məmmədovun ad günüdür

Bu gün Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı professor Tokay Məmmədovun anadan olmasından 97 il ötür.

Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltaraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alan, böyük müəllimlərdən sənətin sirlərini öyrənən sənətkar uzun illər Azərbaycanda heykəltaraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib.

AZƏRTAC Xalq rəssamının həyat və fəaliyyətinə qısa nəzər salır.

1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn T.Məmmədov Azərbaycanın ilk qadın heykəltaraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsinə daxil olub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltaraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.

Tokay Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst-portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

Heykəltaraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu” büst-portretlərini qeyd etmək olar.

Heykəltaraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Tokay Məmmədov heykəltaraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Bunlardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Heykəltaraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

Xalq artisti bir neçə qəbirüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın, Azərbaycan vokal məktəbinin banisi Bülbülün qəbirüstü abidələrini T.Məmmədov yaradıb.

Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

T.Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.