Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, incəsənətimizin təbliği məqsədilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr həyata keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə Türkiyənin tarixi və turizm bölgəsi olan Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Antalya şəhərində Nazim Hikmət Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılıb. Antalyalılar tərəfindən maraqla qarşılanan sərgidə Azərbaycan mədəniyyəti, incəsənətinə dair guşələr təşkil edilib, Azərbaycandan gətirilən “FR Collection” kolleksiyasına aid qadın baş geyimi-tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunub.
Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayılarımız qardaş ölkədə maraqla qarşılanıb.
Tədbirdə qeyd olunub ki, Böyük İpək yolunun Azərbaycandan keçməsi, xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi bir sıra sahələr kimi ölkəmizdə ipəkçiliyin inkişafına da səbəb olub, ipəkdən hazırlanan kəlağayılar, milli geyimlər, xalça sənəti daim inkişaf edərək milli sənətimizin inciləri siyahısına daxil edilib.
Sərgidə Azərbaycan incəsənətinin mühüm sahəsi olan rəssamlıq və bu məktəbin qadın nümayəndələrinin əsərləri də nümayiş olunub. Tədbir çərçivəsində Azərbaycan qadın rəssamları Nailə Əhmədova, Aygün Mustafayeva, Ayan Məmmədova-Əzizova, Şəhla Baxşəliyeva Şendal, Kamilla Eldarova, Xanım Məmmədova, Ülkər Behbudova, Raida Musatafayeva, Leyla İsayeva və Türkiyədə yaşayıb-yaradan rəssamlarımız Mətanət Hüseynova, Nüşabə Küçükün əsərləri Nazim Hikmət Konqres Mərkəzində sərgilənib.
Sərgidə qeyd edilib ki, Azərbaycan rəssamlarının yaratdığı əsərlərlə xalqımız haqlı olaraq fəxr edə bilər. Natiqlər fırça ustalarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, onların əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edildiyini vurğulayıblar.
Antalya valisi Hulusi Şahin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, çoxsaylı dövlət nümayəndələri, Antalyada akkreditə olunmuş diplomatlar və yerli ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.