İnsan psixologiyası dərin və mürəkkəb davranışlar sistemidir Yer üzərində milyardlarla insan yaşayır. Hər biri tamam fərqli psixologiyaya malikdir. Həyatda biliklərə və sənətə yiyələnmək üçün tədris ocaqları fəaliyyət göstərir. Lakin həyatın sənə öyrətdiyi dərslər də vardır. Sənin “həyat dərslərindən” çıxartdığın nəticədən asılı olaraq, daxilin “qaranlıq” və ya “işıqlı” olur.
Psixoloqun vəsifəsi nədir? Çətin psixoloji duruma düşmüş insanlara yardım etmək, onu özünə tanıtdırmaqdır. Onun “qaranlıq” daxilinə “işıq” ötürməkdir. İnsan özünü tanımalıdır, bu çox vacibdır. İnsanlar müxtəlifdir və özünü tanıma yaşları da müxtəlifdir. Kimi bu həqiqətə gəncliyində çatır, kimi bu dünyadan özünü tanımadan gedir. Özünü tanıma həm də insanın həyatında cərəyan edən hadisələrlərlə əlaqədardır. Bəzi insanlar özlərini tanımaqda çətinlik çəkir. Psixoloqlar insanlara özlərinin fərqində olmağı, özünü olduğu kimi sevməyi, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində olmadığını, öz istək və arzularını azad şəkildə ifadə etməyi və ona uyğun həyatında addım atmağı öyrədir; ruhunu şəfalandırır, travmalarından arındırır və s. Düşünürəm ki, insan özünün psixoloqu olmalıdır və hər insan bacara biləcək gücə sahibdir.
Mən psixoloq deyiləm, başqalarını şəfalandıra bilmərəm, ruh yorğunluqlarını götürə bilmərəm, lakin özümə “psixoloji xidmət” göstərə bilərəm. Çünki artıq özümü tanıyıram və məqsədimi, prinsipimi, özümü harada və necə görmək istədiyimi bilirəm. Bunun üçün beynim və qəlbim ilə daima əlaqədəyəm. Bu yolda mənim tək ehtiyacım olan şey məntiqli düşünə bilən bir beyinə və mərhəməti olan bir qəlbə sahib olmaqdır.
Öz təcrübəmi bölüşmək istəyirəm. Öncə, özünüzə özünüzlə dost olmağa icazə verin. Özünüzlə dürüst olun.
Atamın bir sözü vardı hər zaman deyərdi:”Özün özünün həkimi olmalısan”. Siz öz şüuraltınızı xüsusən də təhtəlşüurunuzu hər zaman nəzarətdə saxlamalısınız, çünki həyatınızı dəyişdirən yer oradır. Daima orada təmizlik işləri aparmalısınız. Sizin gələcəyiniz, plan və məqsədləriniz və hətta qarşınıza çıxacaq insanlar belə ora ilə əlaqəlidir. Oranı inamla, arzu ilə, xoş düşüncələrlə, gələcək haqqında müsbət layihələrlə yükləməlisiniz. Hər bir insan vaxtaşarı həkim yoxlanışından keçməlidir. Bəs niyə düşünmürsüz ki, ruhumuzun, həkimə ehtiyacı yoxdur?. Axı gündəlik həyatımızda yaşadığımız mənfi xoşagəlməz hadisələr zamanı psixologiyamız zərbələrə məruz qalır. İç dünyamızın da “həkimə” ehtiyacı var.
Biz psixoloqa arxayın olub özünüzü tamamilə ona təslim etməməliyik. ”Nədə olsa o məni sağaldacaq”- deyib hər şeyi ondan gözləməməliyik. Çünki özümüz sağalmaq istəməsək heç bir həkim bizə kömək edə bilməz. Buna görə də hər şey ilk öncə özümüzdən asılıdır. Burada əsas olan daxili dünyamızdır; şüurumuz inamsızlıqla yüklənəndə, öz dəyərimizi qimətləndirə bilməyəndə, nəyə layiq olduğunuzu və nə istədiyimizi anlamamayanda gələcəklə bağlı bədbin hisslər ruhumuza hakim kəsilir. Bu vəziyyətdə bizə heç kim yardım edə bilməyəcək. Heç kim bizi irəli çəkməyəcək.
Xəstələnəndə həkimə güvənirik və özümüzü ona rahatlıqla əmanət edə bilirik. Çünki əminki ki, o bizi xəstəlikdən qurtaracaq yeganə insandır. Lakin biz mübarizə aparmadan, kor təbii şəkildə özümüzü psixoloqa əmanət edirik. Çox insan düşünür ki, çıxılmaz mənəvi duruma düşəndə psixoloqa müraciət etməlidir. Psixoloq da öz zəif və güclü insani cəhətləri ilə bizim kimi bir insandır. O, bizin qəlbimizi eşitmir, beyninizdə canlandırdığınız obraz və xəyalları görə bilmir, hisslərimizi açıq duya bilmir.
Biz öz daxili dünyamızı şəfalandıra bilərik. Bizi irəli aparacaq insan özümüzük. Başqaları bizi bizim qədər tanıya bilməz. Bu o deməkdir ki, öz bacarıqlarımızı, istəklərimizi, planlarımızı, gələcək düşüncə və potensialımızı yalnız özümüz düzgün dəyərləndirərək doğru yolu seçə bilərik. Bizə yardım etmək istəyənlər, dəstək verənlər təkan verənlər əlbəttə olacaq, amma bu halda belə öz işinizi yalnız özümüz icra etməliyik.
Bizim taleyimizi Allah yazıb. O, bizə ürək və beyin verib ki, özümüz istifadə edək və öz yolumuzu seçək. Beləliklə, həyatımızı dəyişmək istəyiriksə hər şeydən öncə özümüzdən başlamalıyıq. Beyinmizdən, hisslərimizdən başlamalıyıq. Vicdanımızı qoruyub, nəfsimizə yenilməməliyik. Həyatdakı bütün pisliklərdən xəbərdar olub bilərək yaxşılığı seçməliyik. Çünki əsl yaxşı insan heç bir pislikləri bilməyən insan deyil. Yaxşı insan bütün pisliklərdən xəbərdar olub bilərəkdən könüllü şəkildə yaxşılığı seçən insandır.