Ankaradakı səfirlik nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ədəbiyyatını təbliğ etmək məqsədilə Türkiyəyin müxtəlif bölgələrində silsilə tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, 15-17 oktyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə İzmir və İstanbulda Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçiriləcək.
İzmirdəki MÖTBE Mədəniyyət Mərkəzinin sərgi salonunda oktyabrın 15-də “Azərbaycan mədəniyyəti və incəsənəti günləri” çərçivəsində Azərbaycanın milli mədəniyyət nümunələrinin, suvenirlərin, əl işlərinin və milli geyimlərin yer aldığı sərgi təqdim olunacaq. Həmçinin, moda dəfiləsi keçiriləcək, gənc türk modelləri Bakı Milli Geyim Evinin kolleksiyasından oğlan və qızlar üçün milli geyimlərimizi nümayiş etdirəcəklər.
Həmin gün axşam MÖTBE Mədəniyyət Mərkəzinin böyük konsert zalında Azərbaycanın incəsənət ustalarının və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı olacaq.
“Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri” İstanbulda davam edəcək. Oktyabrın 17-də İstanbul Atatürk Mədəniyyət Mərkəzində “Ortaq köklər, ortaq mədəniyyət” (Soyumuz bir, kültürümüz bir) adlı sərgi açılacaq. Burada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalçalar, eləcə də muzeyin mütəxəssisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əsərləri nümayiş olunacaq. Sərgi bir həftə ərzində açıq olacaq.
Sərgidə həmçinin, Milli Azərbaycan Tarixi Muzeyinin Diyarşünaslıq şöbəsinin müdiri, dosent Gülzadə Abdulovanın qədim Azərbaycan qadın geyimləri kolleksiyası da təqdim ediləcək.
Sonda Atatürk Mədəniyyət Mərkəzinin konsert zalında Azərbaycanda və Türkiyədə yaşayan azərbaycanlı incəsənət ustalarının, milli musiqi alətlərində ifaçıların və “Xəzər” Azərbaycan xalq rəqs ansamblının iştirakı ilə konsert proqramı olacaq.