Zamanla Füzulidən uzaqlaşdıqca, onu daha dərindən dərk etməyə başlayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dramaturq Firudin Qurbansoy dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Aşiqi-sadiq mənəm” adlı ədəbi-bədii gecədə deyib. Tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir çıxış ediblər. Çıxışlarda dahi Füzulinin yaradıcılığından, onun zəngin ədəbi irsindən, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına təsirindən danışılıb.
Sonra xanəndənin ifasında Füzulinin qəzəlləri səsləndirilib, onun əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.
“Aşiqi-sadiq mənəm” gecəsi klassik poeziya, muğam musiqisi və teatr sənəti həvəskarlarını birləşdirən mühüm mədəniyyət hadisəsinə çevrilib. Tədbirdə Füzulinin Azərbaycan xalqının mənəviyyatının ən böyük rəmzlərindən biri kimi rolu vurğulanıb.