- Xəbərlər, Yumor

Bəktaşi lətifələri

Allah taala indi nə edir?

Bir gün yolda gedən bir bəktaşinin qarşısına bir atli çıxır:
-Bir sualm var, aydınlıq gətirərsənmi?
Bəktaşi deyir:
Sualını ver, bilsəm, cavab verərəm.
-Bilmək istəyirəm ki, indi Allah taala nə edir?
-Sualın səviyyəsizliyini görən bəktaşi deyir:
-Cavab verərəm, amma bir şərtlə ki, sən atdan düş, mən minim.
-Niyə?
-Belə yüksək bir suala yüksəkdən cavab vermək lazımdır.
Kişi atdan düşür və bəktaşi minir.
Kişi deyir:
-İndi de görüm Allah taala nə edir?
Bəktaşi:
-Nə edəcək, atı sənin kimi axmağın əlindən alıb mənə verir, deyib atı sürüb uzaqlaşır.

Bayramdan bayrama

Bəktaşidən soruşurlar:
-Araq içirsən?
– Axşamdan axşama.
-Namaz qılırsan?
-Bayramdan bayrama.
Hərəsini bir dəfə aldatmışam
Dənizdə müdhiş bir fırtına qopur. Hamı pərişan olur. Onların arasında bir bəktaşi də varmış. Yalvar-yaxar edirmiş:
-Ay Allah, fırtına kəssin, adını bilmədiyim övliyaya bir qoç kəsəcəm.
Kapitan təəccüblənir:
-Heyrət! Heç adını bildiyin övliya yoxdu bəyəm?
– Niyə yoxdu, hərəsini bir dəfə aldatmışam.

Bir gün çox tutub

Birindən soruşurlar:
– Neçə gün oruc tutdun?
-Xəstə olduğum üçün ancaq bir gün.
Eyni sualı orda olan bir bəktaşiyə də verirlər. O deyir:
-Bu əmioğlu məndən bir gün çox tutub.

Damazlıq bəktaşi

Sultan Mahmud yeniçəriləri aradan qaldırandan sonra bəktaşilərin də bir qismini öldürtdürmüş, bir qismini sürgün etdirmişdi. İstanbulda bir dənə də bəktaşi qalmamışdı. Bir gün sultan şəhərə çıxanda orada qorxusuz-ürküsüz gəzən bir bəktaşi görür:
-Sizinkilərin hamısı qaçıb getdi. Sən burda nə edirsən?
Bəktaşi tövrünü pozmadan deyir:
-Məni burada damazlıq kimi saxladılar.

Dünyaya köynək yumağa gəlmişik?

Bir bayram günü hamı təmiz geyinib gəzməyə çıxanda üstü-başı çirkli bir bəktaşi dərvişi görürlər. Bir ağsaqqal ona deyir:
-Ay kişi, bayram günü də çirkli köynək geyərlər? Niyə yumursan?
-Yuyuram, yenə çirklənir.
– Bir də yu.
-Yenə çirklənir.
-Yenə yu.
-Day denən bu dünyaya köynək yumağa gəlmişik…

Xəmirimiz torpaqla yoğrulub

Bir gün bir bəktaşini zorla namaza qatırlar. Hamı dəstəmaz alır, o isə yox. Bir nəfər bəktaşiyə deyir:
-Siz dəstəmazsız namaz qılırsınız?
Bəktaşi cavab verir:
-İmanım, bizim xəmirimiz torpaqla yoğrulub. Su ilə çox oynamağa dəyməz.

Haram

Bəktaşinin biri ramazan ayında şərab içirmiş. Tutub aparırlar qazının yanına. Qazı onu görəndə qəzəblənir:
-Ay kafir, bu yaşda hələ də bu zəqqumu içirsən? Utanmırsan? Bilmirsən haramdı?
-Çiyninizdəki ipək qaftan da haramdı.
–Bunun içinə pambıq qatırlar.
Bəktaşi:
-Dünyada dürüst adam qalıb ki? Şəraba da su qatırlar….

Kimin nəyə ehtiyacı var?

Bəktaşi məsciddə namazdan sonra dua edirmiş:
-Ey ulu Tanrım, mənə bir şərab pulu yetir!
Yanında namazını qurtaran biri də əllərini göyə qaldırıb deyirmiş:
-Rəbbim, mənə iman ver!
Bunları eşidən xoca bəktaşiyə deyir:
-Bax gör adamlar Allahdan nə istəyir. Utanmırsan, şərab pulu istəyirsən?
Bəktaşi sakitcə deyir:
-Nə edək, xocam, hər kəs nəyi yoxdusa, onu istəyir.

Son nəfəsini

Bəktaşidən soruşurlar:
-Ərənlər, hansı nəfəsi sevirsən?
-Siqaretin ilk nəfəsini, qaynanamın son nəfəsini.

Sənin kimi müsəlmanın mənim kimi mələyi olar

Yaramaz bir adam namaz qılanda onu yaxşı tanıyan bir bəktaşi ordan keçirmiş. Namaz qılan namazın sonunda salam verəndə bəktaşi “əleyküməssalam” deyir. Kişi acıqlanır:
-Sən hardan çıxdın? Namazımı pozdun.
-Salam verdin, mən də aldım
– Yahu, sənə yox, mələklərə salam verirdim.
-Mən də mələyəm.
-Oğlan, rədd ol, səndən mələk olar?
-Qəzəblənmə, qardaş, sənin kimi müsəlmanın mənim kimi də mələyi olar.

Şüşəni atdım

Xoca məsciddə içkinin pisliyindən danışırmış. Bəktaşinin kefi pozulur və ayağa durur ki, getsin. Bu vaxt qolduğundakı şüşə düşür və şərab dağılır. Bəktaşi tövrünü pozmadan deyir:
-Zəhrimarı bax beləcə atdım, sizdə varsa, əsl vaxtıdır, siz də atın.

Üzüm suyu

Sultan Əbdülməcid bir gün gəzməyə çıxanda böyük üzüm bağına rast gəlir. Soruşur ki, bu bağlar kimindi? Deyirlər bir bəktaşinin. Çağırarlar. Sultan soruşur:
-Maşallah böyük bağın var. Üzümünü nə edirsən?
-Müridlərimlə yeyirik, sultanım.
-Bu qədər üzümü yeyib qurtarmaq olar?
-Qalanının suyunu sıxıb küplərə doldurur, sonra içirik.
-Yaxşı, bəs sıxılmış üzüm şəraba çevrilmir?
-Vallah, sultanım, Allah nəyə istəsə, ona da çevrilər. Biz nə karəyik onun işinə qarışaq?

Vızır-vızır keçər

Bəktaşiyə Allahın böyüklüyünü anlatmaq istəyirlərmiş. Deyirlır ki, O istəsə, dəvə iynənin gözündən keçər.
Bəktaşi deyir:
-Əlbəttə!
-Necə əlbəttə?
-İstəyər, iynənin dəliyini böyüdər, istəyər, dəvəni kiçildər, vızır-vızır keçirər.

Bəktaşinin duası

Allahım, MAL verdiyin zaman SƏADƏTİMİ,
QÜVVƏT verdiyin zaman AĞLIMI,
İQTİDAR verdiyin zaman BƏSİRƏTİMİ,
BƏLA verdiyin zaman İMANIMI,
NEMƏT verdiyin zaman MƏRDLİYİMİ,
GÖZƏLLİK verdiyin zaman İFFƏTİMİ,
ÇƏTİNLİK verdiyin zaman SƏBRİMİ
alma…..

Bir az da biz ölək

Bir kişi bəktaşini iftara qonaq çağırır. Masanın üzərındə nələr yoxmuş! Amma ev yiyəsi bəktaşiyə təklif etmədən girişir yeməyə. Hər dəfə qaşığını dolduranda da “oh, öldüm” deyirmiş. Bəktaşi baxır ki, kişi yeməklərin axırına çıxır, dözməyib deyir: “Qardaş, sən dincəl, qoy bir az da biz ölək….”

Dərsimi aldım

Bəktaşi bir gün hamamı təmizləyəndə iyrəndiyindən bir tarakanı basıb əzir və başını qaldırıb deyir: “Ya Rəbbim, bu murdar məxluqu niyə yaratdın?”
Çox keçmir, bəktaşinin ənsəsindən yekə bir çiban çıxır. Nə qədər həkimə gedirsə, heç kəs çarə edə bilmir. Aylarla əziyyət çəkən bəktaşiyə axırda bir qarı kömək edir. Qarı deyir ki, çoxlu tarakan tap, onları əz. Suyunu iç, cecəsini də yarana sürt. Çarəsiz qalan bəktaşi qarının dediyinə əməl edir və üç gündən sonra yaradan əsər-əlamət qalmır. Bir müddət sonra bəktaşi gəmi ilə səyahətə çıxıbmış. Birdən fırtına başlayır. Hamı qorxub dua etməyə başlayır. Bəktaşi isə süfrə açıb rahatca yemək yeyir. Gəmidəkilər deyirlər:
-Yahu, yeməyi burax, gəl duaya başla.
-Nə üçün dua edim?
– Dua et, Allah bizi qurtarsın.
-Xeyr, etməyəcəm. Bir dəfə işinə qarışdım, dərsimi verdi…

Dünyanın təməli

Bəktaşidən soruşurlar:
-Deyirlər, yer öküzün buynuzu üstündədir. Sən nə deyirsən?
-Vallah, onu bilmirəm, amma buna inanan öküzlərin çox olduğunu bilirəm.

Sən nə işə yaradın?

Bəktaşi ilə bir hacı ramazan vaxtı içki içdikləri zaman tutulurlar. Qazı soruşur ki, etdiyiniz işin cəzasının nə olduğunu bilirsinizmi? Hacı deyir ki, bilmədik, şeytana uyduk, bağışlayın. Qazı ona edam cəzası verir. Növbə bəktaşiyə çatır. O deyir ki, mən müsəlman deyiləm. Oruc mənə fərz deyil. Qazı onu sərbəst buraxır. Bəktaşi qazıya deyir:
-Qazı əfəndi, mən şəhadət gətirib müsəlman olsam, dostumu əfv edərsənmi?
Qazı kafiri müsəlman etməyinin ona verəcəyi savabı göz önünnə gətirib hacını əfv edir. Qazının yanından çıxandan sonra hacı bəktaşiyə deyir:
-Sən necə adamsan, gah dindar olursan, gah kafir. Səndə iman yoxdumu? Bəktaşi deyir:
-Kafir olub özümü, müsəlman olub səni ölümdən qurtardım. Bəs sən nə işə yaradın?

Alt-üst

Bir yığıncaqda əxlaqın pozulmasından söhbət edirlərmiş. Orda olanlardan biri dərindən ah çəkib deyir: “Belə getsə, dünya alt-üst olacaq”. Bunu eşidən bəktaşi deyir: “Nə dərdlənirsən, bəlkə, altı üstündən daha yaxşıdır?”