Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti hər il bu ali təhsil ocağında keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti-2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tələbələri müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.
Sərgidə iştirak edən tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri, tarixi haqqında geniş məlumat verilib.
Ekspozisiyada milli kimliyimizə aid müxtəlif mədəni və tarixi elementlər sərgilənib, qonaqlara mətbəximizdən nümunələr, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Ziyarətçilər Azərbaycan Bayrağı, onun tarixi və rəmzi mənası barədə məlumatlandırılıb. Bununla yanaşı, onlar UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayıları ilə tanış olublar.
Sərgidə qonaqlarda maraq doğuran məqamlardan biri də nərd oyunu olub. Onlara oyunun qaydaları izah edilib.